“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi aztəminatlı şəxslərə hüquqi konsultasiya xidmətinin göstərilməsini nəzərdə tutan yeni layihənin icrasına başlayır.
Heftelik.az-ın məlumatına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Aztəminatlı region sakinlərinin hüquqi müdafiəsinə dəstək” layihəsi Bərdə, Göyçay, Şamaxı və Quba rayonlarının ərazini əhatə edəcək.
Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, layihə 4 ay müddətində icra olunacaq: “Layihənin əsas məqsədi Bərdə, Göyçay, Şamaxı və Quba rayonlarında yaşayan müharibədən zərər çəkən və digər aztəminatlı qruplardan olan (Azərbaycanın digər ərazilərindən onlayn müraciət edənlər) şəxsləri hüquqi maarifləndirmək, pulsuz hüquqi konsultasiya xidməti göstərmək və məhkəmədə hüquqi müdafiəsini təşkil etməklə problemlərini həll edərək sosial vəziyyətlərini yaxşılaşdırmaqdır. Layihə çərçivəsində Bərdə, Göyçay, Şamaxı və Quba rayonlarının hər birində müharibədən zərər çəkən və digər aztəminatlı qruplardan olan şəxslərlə görüş keçirilərək onlara hüquqi konsultasiya xidməti göstəriləcək. Həmin şəxslərin dövlət qurumlarına ərizə, şikayət və müraciətləri, ilkin mediasiya prosesi ilə bağlı sənədləri hazırlanacaq. Bundan başqa müharibədən zərər çəkən və digər aztəminatlı qruplardan olan şəxslərin məhkəmədə müdafiəsi təşkil olunacaq. Həmin şəxslərin məhkəmələrə iddia, apellyasiya və kasasiya şikayətləri yazılacaq”.
“Hüquqi konsultasiya xidməti almaq istəyən aztəminatlı şəxslər həm birbaşa təşkilatın ofisinə, həm Bərdə, Göyçay, Şamaxı və Quba rayonlarında keçirilən görüşlərdə iştirak etməklə, həm də onlayn vasitələrlə müraciət etməklə hüquqi konsultasiya xidməti ala bilərlər. Onlayn müraciətlər e-mail (huqugiyardim@gmail.com) “Qaynar xətt” (0702902299) xidməti, “facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz) və “WhatsApp” (0702902299) vasitəsi ilə qəbul olunacaq”,- deyə X.Kazımov bildirib.