Əsasında notariat hərəkəti aparılmış və “Elektron notariat” informasiya sistemi vasitəsilə təqdim edilmiş elektron sənədlərin saxlanılmasının hansı qaydada həyata keçirildiyi məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Əsasında notariat hərəkəti aparılmış və “Elektron notariat” informasiya sistemi vasitəsilə təqdim edilmiş elektron sənədlərin saxlanılması aşağıdakı qaydada həyata keçirilir:

– notariat hərəkətinin aparılması üçün “Elektron notariat” informasiya sistemində yaradılmış fərdi elektron kabinet  vasitəsilə müraciət edildikdə və ona skan edilmiş və ya elektron sənəd formasında sənədlər qoşulduqda, həmin sənədlər informasiya sistemində saxlanılmadan notarius tərəfindən çap edilərək notariat işinə əlavə olunur. Bu zaman həmin sənədlər bu Təlimatın 10-cu hissəsinin on ikinci abzası nəzərə alınmaqla təsdiq edilməlidir və bununla bağlı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmır.

– Fərdi kabinetdən istifadə edən kommunal və ya lisenziyalaşdırılan telekommunikasiya xidmətləri göstərən dövlət qurumları, hüquqi şəxslər, habelə, kredit təşkilatları (bundan sonra – korporativ məlumat mübadiləsinin istifadəçiləri) bu Təlimatın 161-ci və 162-ci hissələrinin tələblərinə uyğun olaraq “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumat əsasında notariat hərəkətinin aparılması üçün müraciət etdikdə, həmin məlumatlar informasiya sistemində saxlanılmadan notarius tərəfindən çap edilərək notariat işinə əlavə olunur. Bu zaman həmin sənədlər bu Təlimatın 10-cu hissəsinin on ikinci abzası nəzərə alınmaqla təsdiq edilməlidir və bununla bağlı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.