Prezident İlham Əliyev: “Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar”
Bu gün Slovakiya Azərbaycanla qarşılıqlı əməkdaşlıq etməkdə maraqlıdır. Hazırda ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir və bu, perspektiv əməkdaşlıq üçün çox müsbət haldır. Qeyd edək ki, Slovakiya ilə Azərbaycan arasında diplomatik, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlər mövcuddur. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 24-də tanıyıb. İki dövlət arasında diplomatik əlaqələr 1993-cü il noyabrın 23-də qurulub. Slovakiyanın Azərbaycandakı səfirliyi 2019-cu il oktyabrın 1-də açılıb. Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyi 28 iyul 2023-cü ildə təsis edilmişdir. Azərbaycan parlamentində Slovakiya ilə əlaqələr üzrə ikitərəfli işçi qrupu fəaliyyət göstərir. Slovakiya Milli Şurasının Azərbaycanla əlaqələr üzrə ikitərəfli işçi qrupu var. İqtisadiyyat sahəsinə gəlincə, Slovakiya ölkəmizə avtomobillər, avtomobil hissələri, qida, dərmanlar və s. ixrac edir. Azərbaycan isə Slovakiyaya neft məhsulları, boyalar, tekstil, meyvə şirələri, xam dəri, qurudulmuş və təzə meyvə-tərəvəz və s. ixrac edir.
Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün mühüm addımdır. Həmçinin bu səfər ikitərəfli münasibətlərin inkişafı, Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və inteqrasiyaya dair fikir mübadiləsi aparmaq baxımından önəmlidir. Robert Fitso ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşlərdə ikitərəfli və çoxtərəfli əlaqələr müzakirə olunub. Azərbaycan dövlətinin başçısı iki dövlət arasında həm siyasi, həm iqtisadi, enerji, sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivlərinin çox müsbət olduğunu qeyd edib. Robert Fitso Slovakiya ilə Azərbaycanı suveren xarici siyasətin birləşdirdiyini vurğulayıb.
Elə həmin gün iki dövlət arasında rəsmi sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir: “Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir”. Avropa İttifaqı enerji mənbələrini şaxələndirmək istəyir. Slovakiya isə təkcə Rusiya neftindən və qazından asılı olmaq istəmir. Hazırda Slovakiyaya Qətərdən neft və ABŞ-dan mayeləşdirilmiş təbii qaz idxal edilir. Artıq Slovakiyaya Azərbaycandan NEZ üçün neft partiyası göndərilib. Bununla yanaşı, Slovakiya Bolqarıstanda Azərbaycandan əlavə həcmdə qazın nəqlinə imkan verəcək “Həmrəylik halqası” layihəsi üzrə anlaşma memorandumu imzalayan ölkələr sırasındadır. Azərbaycan təhlükəsiz ölkədir, burada heç bir risk yoxdur. Ona görə də Slovakiya Azərbaycanla uzunmüddətli müqavilələr bağlamaqda maraqlıdır.
Hazırda Azərbaycan Slovakiyanın mühüm tərəfdaşıdır. Dövlətimizin başçısı imzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlərin də olduğunu vurğulayıb. “Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir”,- deyə cənab Prezident əlavə edib. Slovakiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. BMT Baş Assambleyasının işğal olunmuş Azərbaycan ərazilərində vəziyyətlə bağlı qəbul etdiyi qətnamə ilə bağlı Slovakiyanın mövqeyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Bundan sonra iki ölkənin sahibkarları üçün əlverişli biznes imkanları yaranacaq. Baş nazirin bu səfərinin qarşılıqlı sərmayə qoyuluşu üçün də töhfələri olacaq. Hər iki dövlət rəhbərliyi idarələrarası əlaqələrin genişləndirilməsi, birgə biznes forumun təşkili və keçirilməsi, parlamentlərarası əlaqələrin gücləndirilməsi, humanitar sahədə tədbirlərin təşkilinin tərəfdarıdır. Prezident İlham Əliyevin dediyi kimi, Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar: “Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Bir çox sahələr üzrə aparılacaq işlərə də önəmli razılıq əldə olunub”. Mayın 7-də imzalanan sənədlərə əsasən siyasi və iqtisadi sahələrdə fəal ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaranacaq.
Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi