İşğala baxmayaraq, Şuşa öz ruhunu – Azərbaycan ruhunu qoruyub saxlaya bildi.
Heftelik.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışı zamanı söyləyib.
“Biz Şuşa azad olunandan sonra Şuşaya qayıtdıqda bir daha hər birimiz bunu görmüşük və dəfələrlə görürük. Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi və biz – Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmalı idik. Qan tökərək, şəhidlər verərək, – Allah bütün şəhidlərimizə rəhmət eləsin, – Şuşanın azad edilməsi, şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir. Qeyd etdiyim kimi, Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir. Çünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək və beləliklə, bu gün biz Şuşanı tam haqlı olaraq sülhün rəmzi kimi qiymətləndirə bilərik”, – deyə dövlət başçısı qeyd edib.