Qazaxıstanın sabiq iqtisadiyyat naziri Kuandıq Bişimbayevə hökm oxunub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, məhkəmə həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilərək onu 24 il müddətinə azadlıqdan məhrum edib.

Digər qərarla, onun yaxın qohumu Bakıtjan Bayjanov cinayəti gizlətməkdə və xəbər verməməkdə ittiham olunaraq 4 il həbs cəzası alıb.

Xatırladaq ki, Kuandıq Bişimbayev 2023-cü il noyabrın 8-də axşam həyat yoldaşı Saltanat Nukenovanı Astana şəhərindəki “Bau” restoranında döyərək qətlə yetirməkdə təqsirləndirilirdi.

31 yaşlı qadının ölümündən bir qədər əvvəl ikili küçədə olub və görüntülərdən onlar arasında mübahisə yaşanması aydın olub.

Eks-nazirlə xanımı arasında mübahisə daha sonra restoranın daxilində davam edib. Kadrlarda qadının ərindən aralı dayanmaq istəməsi, sonuncunun isə ona zərbələr endirərək saçından tutub sürüməsi əks edilib.

İstintaq zamanı keçmiş nazirin qısqanclıq zəminində mütəmadi olaraq arvadını döyməsi müəyyənləşib. Bildirilir ki, qətldən 6 ay əvvəl Nukenova qardaşına döyülmə izləri olan şəklini göndərib, lakin cütlük tezliklə  barışıb.