İnformasiya sistemlərinin və digər əlaqəli aktivlərin vahid zaman mənbəyi ilə sinxronlaşdırılması təmin edilir və əlaqələndirmə üçün standart istinad vaxtı müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.

Şəbəkələrdə və şəbəkə avadanlıqlarında informasiyanın qorunması məqsədilə azı aşağıdakı tələblər nəzərə alınır:

– şəbəkə infrastrukturunun idarə edilməsi üzrə öhdəliklərin müəyyən edilməsi;

– simsiz, üçüncü tərəfə məxsus və ya qlobal şəbəkələrdə ötürülən informasiyanın konfidensiallığının və tamlığının mühafizəsinin təmin edilməsi;

– şəbəkə infrastrukturu üzrə şəbəkə diaqramlarının hazırlanması, aktuallığının təmin edilməsi, həmçinin avadanlıqların konfiqurasiya fayllarının saxlanılmasının təmin edilməsi;

– bütün şəbəkə xidmətləri üzrə təhlükəsizlik mexanizmləri, xidmət səviyyələri və idarəetmə tələblərinin müəyyən edilməsi və şəbəkə xidmətlərinin göstərilməsi müqavilələrinə daxil edilməsi;

– şəbəkədə istifadəçilərin və informasiya sistemlərinin, habelə şəbəkə idarəetmə kanallarının seqmentlər üzrə ayrılmasının təmin edilməsi;

– avadanlıqların şəbəkəyə qoşulmasının aşkarlanması, məhdudlaşdırılması və autentikasiyasının həyata keçirilməsi.