Notarius vəsiyyətnamənin təsdiqi barədə xahişlə müraciət edən şəxsi qanun üzrə vərəsələrin Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunmuş dairəsi ilə tanış etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Eyni zamanda notarius şəxs vəsiyyət edənə onun aşağıdakı hüquqlarını izah etməlidir, o cümlədən:

– bütün əmlakını və ya onun bir hissəsini qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə şəxsə, dövlətə və ya ayrı-ayrı təşkilata vəsiyyət üzrə bilər, vəsiyyətnamədə qanun üzrə vərəsələrin birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər;

– Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir;

– vəsiyyət edən vəsiyyətnamədə təyin edilmiş vərəsələrin mirasdan paylarını müəyyənləşdirə bilər və ya hansı əmlakın verildiyini konkret göstərə bilər;

– vəsiyyət bir neçə şəxsin xeyrinə edildikdə vəsiyyət edən vəsiyyətnamədə mirasdan onların hər birinə düşən payı göstərə bilər;

– istənilən vaxt bu barədə ərizə verməklə və ya yeni vəsiyyətnamə tərtib etmək yolu ilə qoyulmuş vəsiyyətnaməni dəyişə və ya ləğv edə bilər. Vəsiyyət edən həmçinin həmin Qaydanın 39-cu bəndinə uyğun olaraq vəsiyyətnamənin saxlanılmaq üçün göndərildiyi notariat ofisinə və ya dövlət notariat arxivinə ərizə vermək yolu ilə də vəsiyyətnaməni ləğv edə bilər və sair.