Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədr müavini professor Raya Nəcəfova dələduzluqda və vəzifəli şəxsin səlahiyyətini mənimsəməkdə ittiham olunur.

Heftelik.az-ın “Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, R.Nəcəfova zərərçəkmişləri Mədəniyyət Nazirliyi, Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və digər qurumlara işə düzəltmək adı ilə aldadıb, onların pullarını ələ keçirib.

İş üzrə 11 nəfər – Niftəliyeva Aynur, Allahverdiyeva Natəvan, Fəttahova Arzu, Hacıməmmədov Əmin, İsayeva Ceyran, Yusifov Tural, Musayeva Gülər, Qayıbova Sevinc, Nəcəfova Pərvanə, Qurbanova Lətafət, Səfərov Vəli zərərçəkmiş qismində tanınıb.

Məlumat üçün deyək ki, 64 yaşlı R.Nəcəfova həm də Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçidir.

Cinayət işi Yasamal Rayon Məhkəməsində araşdırılır. İttihamda deyilir ki, R.Nəcəfova zərərçəkmişlərdən bəziləri ilə ekologiya və təbii sərvətlər nazirinin sabiq müavini Firdovsi Əliyevin adından danışıb. Söhbət zamanı özünü onun köməkçisi kimi təqdim edib.

Xanım müttəhim özü isə ittihamları qəbul etmir, təqsirsiz olduğunu deyir. O, ifadəsində bildirib ki, zərərçəkmiş Sevinc Qayıbovanın aldadılmasında onun deyil, Xanlar Nəsirovun günahı var. Onun sözlərinə görə, əvvəllər Azərbaycan Beynəlxalq Universitetinin prorektoru olmuş X.Nəsirov tanışları vasitəsilə S.Qayıbovanı nazirliklərdən birinə işə düzəldəcəyini deyib. Ondan alınmış pul da Nəsirova çatıb. X.Nəsirov özü isə R.Nəcəfovanın yalan danışdığını bildirib.

R.Nəcəfova qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3 (qulluq mövqeyindən istifadə etməkdə təkrar dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmə istintaqı dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Raya Nəcəfova deputat Ülvi Quliyevin qudasıdır. O, əvvəllər Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının direktoru olub.