Bəzən sosial şəbəkələrdə elə hadisələr baş verir ki, mən qərar verə bilmirəm, bu cinayətdir, ya yox. Valideynlər uşaqları ilə videolar çəkir.
Heftelik.az-ın məlumatına görə, bunu deputat Naqif Həmzə Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində deyib.
Deputat bildirib ki, çox təəssüflər olsun ki, əvvəllər rayon, kənd yerlərində uşaqların məcburi əməyə cəlb edilməsi müşahidə edirdisə, indi bu hal Bakıda artıb: “Yeni açılan kofeşoplarda 14-15 yaşlı uşaqlar işləyir. Bakıdakı kütləvi yerlərdə də çox təəssüflər olsun ki, uşaqlar vasitəsilə lotereyaların satılmasını təşkil edirlər. Biz bir tərəfdən problemlərin həllini görürüksə, digər tərəfdən yeni problemlərin bizə doğru gəldiyini müşahidə edirik. İnanıram ki, gələcək illərdə də sosial şəbəkələrdə baş verən bu cinayətlərin qarşısını ala biləcəyik. İstənilən halda cinayətlərin böyük əksəriyyəti sosial şəbəkələrdə baş verir. Biz çalışmalıyıq ki, bu sahədə işləri, tədbirləri gücləndirək. Vətəndaşların şəxsiyyət vəsiqəsi ilə sosial şəbəkədən istifadəsini biz məcburi etməliyik. əks halda biz bu cinayətlərin qarşısını ala bilməyəcəyik”.
Qeyd edək ki, 2023-cü il aprelin 13-də isə “Azərlotereya” ASC-nin İdarə Heyətində dəyişiklik olub, şirkətin Maliyyə departamentinin baş rəhbəri vəzifəsində çalışan Osman Karakuş İdarə Heyətinin sədri/İcraçı direktoru təyin olunub.
“Lotereyalar haqqında” qanuna əsasən, lotereya iştirakçısı lotereyanın keçirilmə formasından asılı olmayaraq, 18 yaşına çatmış, könüllü şəkildə lotereyada iştirak edən lotereya biletinin sahibi olmalıdır.
Qanunun 8-1.4-cü maddəsinə əsasən isə lotereyaların reklamı telekommunikasiya, nəqliyyat vasitələrində, mediada, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. Lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.
Beləliklə, qanunvericilik nəinki uşaqların lotereya satıcısı olmasına icazə verir, hətta uşaqların lotereya almasını da qadağan edir.