Ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsinə, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi üzrə fəaliyyəti həyata keçirən ödəniş sistemlərinin operatorları və banklar əlavə olaraq bu sahə üzrə informasiya təhlükəsizliyi standartlarına uyğunluğun yoxlanılması sahəsində beynəlxalq səviyyədə akkreditasiya edilmiş kənar auditor tərəfindən ildə 1 (bir) dəfədən az olmayaraq yoxlanılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.

Nəzarət subyektində informasiya təhlükəsizliyinə cavabdeh müstəqil struktur bölmə formalaşdırılır, bu struktur bölmənin, habelə digər personalın informasiya təhlükəsizliyi ilə bağlı vəzifələri və bu vəzifələr üzrə öhdəlik və səlahiyyətləri müəyyən edilir. Maraqlar münaqişəsinin qarşısını almaq məqsədilə informasiya təhlükəsizliyinə cavabdeh struktur bölmənin informasiya texnologiyalarına cavabdeh struktur bölmədən ayrı yaradılması və fərqli kuratorlara tabe olması təmin edilir.