Nəzarət subyektində informasiyaya və digər əlaqəli aktivlərə icazəsiz girişin, zədənin və müdaxilənin qarşısını almaq məqsədilə ofis, otaq və avadanlıqların mühafizəsi ilə bağlı qaydalar hazırlanır və təsdiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.

İcazəsiz fiziki girişlərin aşkar edilməsi və qarşısının alınması məqsədilə sahələrin və binaların müşahidə kameraları vasitəsilə fasiləsiz monitorinqi təmin edilir. Təbii fəlakətlər və digər fiziki təhdidlərlə bağlı risk qiymətləndirilməsi aparılır və ərazinin coğrafi xüsusiyyətləri, insan həyatına təhlükə yaradan amillər nəzərə alınmaqla mühafizə tədbirləri müəyyən edilir.

İnformasiyanın işlənməsi mərkəzinin (server otağının) əlavə olaraq azı aşağıdakı tələblərə də cavab verməsi təmin edilir:

– müşahidə kameraları tərəfindən qeydə alınan görüntülər ən azı 6 (altı) ay müddətində qeydə alındığı binada, habelə bu görüntülərin ehtiyat nüsxələri qeydə alındığı binadan kənarda saxlanır;

– pəncərəsiz olması təmin edilir, bu mümkün olmadıqda, pəncərə zirehli şüşə və dəmir barmaqlıqlarla təchiz edilir;

– germetik olması təmin edilir;

– qapıların zərbəyə, odadavamlı olması təmin edilir;

– temperaturun tənzimlənməsi üçün termometr, havalandırma və soyutma sistemləri ilə təchiz edilir;

– mühafizə və yanğın-siqnalizasiya sistemləri ilə təchiz edilir;

– avtomatlaşdırılmış yanğınsöndürmə sistemləri ilə təchiz edilir;

– rütubətliliyi ölçən və tənzimləyən avadanlıqlar ilə təchiz edilir;

– hərəkət detektorları ilə təchiz edilir;

– fasiləsiz elektrik enerjisi ilə təmin edən qida mənbəyi və generator ilə təchiz edilir.