Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində artıq 3 gündür ki, dərslər dayandırılıb.

Heftelik.az-ın xəbərin görə, tədris ilinin bitməsinə bir ay qalmış məktəbin otaqları boşaldılıb, bütün musiqi alətləri, stol-stullar, şkaflar çölə atılıb.

Buna səbəb isə 2007-ci ildə yan binanın özəlləşdirilməsi, sahibkarın binanın nəzdində olan otaqları məktəbdən almasıdır.

Qeyd olunur ki, bu musiqi məktəbi 65 ildir fəaliyyət göstərir və sözügedən binada isə heç bir fəaliyyət olmadığından illərdir həmin binanın otaqlarından istifadə olunub. Ümumilikdə 16 sinif musiqi məktəbindən alınıb. Bütün inventar yağmurlu havada həyətdə qalıb.

Mədəniyyət Nazirliyindən  bildirilib ki, nazirlik tərəfindən Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Musiqi Məktəbində tədrisin qısa müddətdə bərpası ilə bağlı müvafiq işlər təmin ediləcək: “Onu da bildirək ki, sahibkarın israrlı tələbi ilə bu qərarın icrasına ən azı cari tədris ilinin sonunadək möhlət vaxtının verilməsi təhsil mühitinin pozulmaması baxımından daha ədalətli alternativ olardı. Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, bu, Mədəniyyət Nazirliyinin mədəni obyektləri hansısa yolla, formada satması nəticəsində yaşanan ilk “mədəni” biabırçılıq deyil. Hazırda Bakının məşhur “Dostluq” kinoteatrının göz önündə dağılması, son nəticədə yerində bina tikilməsinə nail olunması üçün oynanılan oyunlar da ürək ağrıdır. “Dostluq” kinoteatrının yerli əhəmiyyətli abidələr sırasına daxil ediləcəyi barədə vəd vermiş nazirlik və nazir Adil Kərimlidən isə hələ də soraq yoxdur…