Azərbaycan prezidenti İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib.

Heftelik.az-ın məlumatına görə, Azərbaycan Prezident bu barədə X sosial şəbəkəsində paylaşım edib:

“Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi erməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi. Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır”, – deyə dövlət başçısı qeyd edib.

Qeyd edək ki, bu gün Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindən qayıdan İran Prezidenti İbrahim  Rəisi, xarici işlər naziri Hossein Əmir Abdollahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Təbrizin imam cüməsi Ali-Haşim  və  nümayəndə heyətinin digər üzvlərinin olduğu vertolyot Şərqi Azərbaycan vilayətində, Varzeqan şəhəri yaxınlığında, Uzi və Pir-Daud kəndləri arasındakı Dizmar meşə massivində qəzaya uğrayıb. Yerli sakinlər 1 saat əvvəl həmin rayonda vertolyotun enişindən sonra səs eşitdiklərini bildiriblər. Hadisə yerinə 20 xilasetmə dəstəsi, dronlar, axtarış itləri, İran Silahlı Qüvvələrinin xüsusi dəstələri göndərilib.