İran Prezidenti İbrahim Rəisinin qəzaya uğramış vertolyotunun qalıqları tapılıb.
Heftelik.az-ın məlumatına görə, bunu Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd İran Dövlət Televiziyasına açıqlamasında bildirib.
Qeyd edilib ki, vertolyotun yeri aşkarlanan zaman sərnişinlərin sağ olmasına dair heç bir əlamət olmayıb.
İranın “Mehr” Agentliyinin yaydığı məlumatda bildirilir ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti vertolyot qəzasında həyatını itirib.
“Tasnim” Agentliyi isə yazıb ki, İran Prezidentini daşıyan vertolyotun qəzaya uğraması nəticəsində ölənlərin hamısının cəsədlərinin müəyyən edilməsi istiqamətində səylər davam etdirilir.
Qeyd edək ki, mayın 19-da Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindən qayıdan İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hossein Əmir Abdollahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Təbrizin imam cüməsi Ali-Haşim və nümayəndə heyətinin digər üzvlərinin olduğu vertolyot Şərqi Azərbaycan vilayətində, Varzeqan şəhəri yaxınlığında, Uzi və Pir-Daud kəndləri arasındakı Dizmar meşə massivində qəzaya uğrayıb.