Operator daxili nəzarət sistemi çərçivəsində ödəniş sisteminin fəaliyyətini davamlı monitorinq etməli və müəyyən edilmiş hədəflərə nail olunmasını qiymətləndirməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Operatorun daxili nəzarət sistemi azı aşağıdakıları təmin etməlidir:
– operatorun fəaliyyətinin, o cümlədən ödəniş sisteminin qaydalarının qanunvericiliyə, həmçinin daxili reqlament sənədlərinə uyğun olmasını;
– ödəniş sisteminin fəaliyyətinin təşkilinə dair qərarların qəbul edilməsində səlahiyyət bölgüsünün dəqiq müəyyən edilməsini;
– idarəetmə orqanlarının fəaliyyəti üçün tələb olunan məlumatların tam, düzgün və vaxtında hazırlanması və çatdırılmasını;
– struktur bölmələr arasında maraqlar münaqişəsinin olmaması, habelə maraqlar münaqişəsinin baş verə biləcəyi halların və sahələrin vaxtında müəyyən edilməsi və qarşısının alınması üzrə müvafiq prosedurların olmasını;
– əməliyyat xərclərinin və investisiya qoyuluşlarının əsaslı olmasını;
– qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat və hesabatların vaxtında, tam və düzgün tərtib və təqdim edilməsini;
– operatorun informasiya sistemlərinin qanunvericiliyə və daxili reqlament sənədlərinə uyğun etibarlı, davamlı və təhlükəsiz idarə olunmasını;
– informasiyanın konfidensiallığının və tamlığının təmin olunmasını;
– daxili auditin həyata keçirilməsini;
– informasiya və kommunikasiya texnologiyaları və təhlükəsizlik risklərinin idarə edilməsi ilə bağlı daxili və kənar auditlərin həyata keçirilməsini;
– operatorun fəaliyyətində və daxili nəzarət sistemində kənar və ya daxili audit nəticəsində aşkar edilmiş pozuntu və çatışmazlıqlar haqqında operatorun idarəetmə orqanlarının vaxtında məlumatlandırılmasını, onların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlərin nəzarətdə saxlanılmasını.