28  may  1918-ci  il xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunduğu bir tarixdir.  Azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində arzusuna qovuşdu.  Bununla da Şərqdə ilk dəfə azad,  demokratik,  dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi.  Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çox əsrlik sosial-iqtisadi,  ictimai-siyasi və mədəni inkişafının,  xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb.  1918-ci  il mayın  28-də  Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin,  bir sıra görkəmli dövlət xadimlərinin,  vətənpərvər ziyalıların,  peşəkar hərbçilərin adları da xalqımızın yaddaşına əbədi həkk olunub.

Prezident İlham Əliyevin Sərəncamı əsasında Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması çətin şəraitdə demokratik dövlət qurmağa cəhd edən,  fədakarlıq göstərənlərə hörmət və ehtiramın ifadəsidir.

Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında  2018-ci  ilin ölkəmizdə  «Azərbaycan Xalq Cümhuriyyəti ili»  elan edilməsi tarixi paralellər fonunda müstəqillik tariximizin vərəqlənməsində,  hər bir səhifəsinin oxunmasında,  müstəqillik yolumuzun heç də hamar olmadığının indiki və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadı.  Demokratik hüquq və azadlıqların bərqərar olması,  etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması,  hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi,  Azərbaycan dilinin dövlət dili elan edilməsi,  nizami milli ordunun,  təhlükəsizlik strukturlarının qurulması və sair kimi mühüm işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını,  mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

1991-ci il oktyabrın  18-də  Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi.  Lakin  müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi,  idarəçilik qabiliyyətlərinin yoxluğu,  şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ölkədə ictimai-siyasi durumun gərginləşməsinə,  xaosun,  anarxiyanın,  özbaşınalıqların baş alıb getməsinə səbəb olmuşdu.  Ölkə vətəndaş qarşıdurmasını yaşayır,  sabaha olan ümidlər tamamilə itirdi.  1993-cü  ildə xalqın təkidli tələbi ilə ümum milli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixinin yeni, parlaq səhifəsini açdı.

1993-2003-cü illər həll edici illər oldu.  Həmin illərdə Azərbaycanda dövlətçiliyin əsasları qoyuldu.  Siyasi islahatlara  start  verildi,  çoxpartiyalı sistem yarandı.  Azərbaycan beynəlxalq təcriddən xilas oldu.  Ölkəmizə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna başlanıldı.  Nizami ordunun yaradılması,  kadrların yetişdirilməsi istiqamətində önəmli addımlar atıldı.  O  kadrlar bu gün də ölkəmizin müxtəlif sahələrinin inkişafına öz töhfələrini verirlər.  Heç də təsadüfi deyil ki,  müasir müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəri adlandırılır.

2003-cü  ildə xalq Heydər Əliyev siyasətinə səs verdi  və  İlham Əliyev xalqın yekdil səsi ilə Prezident seçildi. Həyat  onu  göstərdi  ki, son 21 il ərzində doğrudan da tarixi uğurlara imza atılıb, Heydər Əliyev siyasəti bütün istiqamətlərdə uğurla davam etdirilib.

Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildən başlanan yolun mahiyyətini ətraflı şəkildə təhlil edərək o dövrü istər ictimai-siyasi sabitliyin qorunması, istər dayanıqlı iqtisadi inkişafın təmin olunması, istərsə də ordu quruculuğu və beynəlxalq münasibətlər sistemində mövqelərimizin möhkəmləndirilməsi baxımından hazırlıq dövrü kimi xaraterizə etmişdir. Məhz bu uğurlar Azərbaycanın tarixi Qələbəsinə yol açdı və postmüharibə dövrü üçün görüləcək işlər üçün təməl rolunu oynadı. Ən başlıcası isə 44 günlük İkinci Vətən müharibəsində şanlı Qələbə qazanıldı.

Bu gün işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini həyata keçirmək, sodaşlarımızın Böyük Qayıdışını təmin etmək üçün bütün imkanlarımız mövcuddur.

Ötən illərin möhkəm bünövrəsi üzərində qarşıdakı illərin hədəfləri gerçəkləşdirilir. Reallıq budur ki, dövlətimizin başçısı İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırdı. Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırıb. Son günlər beynəlxalq maliyyə qurumlarının hesabatlarına diqqət yetirmək kifayətdir. Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirirlər.

Hər zaman bu reallıq önə çəkilir ki, ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qarşıya çıxan hər bir çətinliyin aradan qaldırılmasında stimulverici amil rolunu oynayır. Son 21 ilin bu sahədə əldə edilən uğurlara diqqət yetirsək görərik ki, Azərbaycan dünyanın enerji xəritəsini yenidən tərtib edib. Ölkəmizin iqtisadi tərəqqisi güclü sosial siyasətlə tamamlanır. Dövlətimizin siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyev ölkə həyatının bütün sahələrində islahatlar strategiyasını seçib.

Təhlillər bu ümumiləşdirməni aparmağa əsas verir ki, möhkəm təmələ əsaslanan siyasətimizin nəticəsi olaraq qarşıya qoyulan hər bir hədəf gerçəkləşəcək, ölkəmizin qarşısında yeni imkanlar açılacaq. Dövlətimizin başçısı İlham Əliyevin bu çağırışı bütün dövrlər üçün öz aktuallığını qoruyur: Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq.

Artıq soydaşlarımızın Böyük Qayıdışının və işğaldan azad edilmiş ərazilərimizin cənnətməkana çevrilməsinin, bu torpaqlara yeni nəfəsin verildiyinin şahidi olmağa başlamışıq. «Ağıllı şəhər» və «ağıllı kənd» layihələrinin icrası uğurla həyata keçirilir, infrastruktur layihələrinin icrası, ən əsası dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşanın Cıdır düzündə «Xarıbülbül» musiqi festivalının bərpa olunması sahibinə qayıdan torpaqlarımızda yeni həyatın başlandığını, diqqət və qayğıdan ruhlanaraq qonaqlarını böyük sevinclə qarşıladıqlarını nümayiş etdirir.

 

İsrafil Kərimov 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü