Bankomatların və onların yerləşdiyi ərazilərin azı hansı tələblərə cavab verməsinin təmin edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.
Bankomatların və onların yerləşdiyi ərazilərin azı aşağıdakı tələblərə cavab verməsi təmin edilir:
– bankomatda istifadəçinin üz təsvirini aydın çəkməyə imkan verən azı bir ədəd müşahidə kamerası quraşdırılır və qeydə alınan görüntülər müvafiq nəzarət subyektində azı 6 (altı) ay müddətində saxlanılır;
– bankomat tərəfindən video müşahidənin aparılması barədə istifadəçinin görə biləcəyi yerdə asan oxunan və aydın şəkildə görünən xəbərdarlıq bildirişi yerləşdirilir;
– bankomatın oxuyucu qurğusuna kənardan müdaxilə edilməsinin qarşısını alan xüsusi avadanlıq quraşdırılır;
– daxili proqram təminatının bu Tələblərdə nəzərdə tutulan müvafiq tələblərə cavab verməsi təmin edilir;
– qlobal məsafədən mövqe təyinetmə (GPS) və mühafizə siqnalizasiya sistemi ilə təchiz edilir;
– açıq ərazilərdə quraşdırılmış bankomatın qarşısındakı (və ya ətrafındakı) 2 (iki) metrdən az olmayan ərazinin sutkanın qaranlıq vaxtı aydın şəkildə işıqlandırılması təmin edilir.