Mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Bu ərizələrdə vərəsənin imzasının həqiqiliyi notariat hərəkətləri aparan orqan tərəfindən təsdiq edilməlidir. Əgər mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında poçtla daxil olmuş ərizədə vərəsənin imzasının həqiqiliyi təsdiq edilməmişsə, notarius ərizəni qəbul edir, lakin vərəsəyə təklif edir ki, lazımi qaydada tərtib olunmuş ərizə göndərsin, yaxud notariat ofisinə şəxsən gəlsin. Poçtla daxil olmuş həmin ərizə əsasında vərəsəlik işi açılmır. Lakin ərizəçi vərəsəlik işinin açılması ilə əlaqədar həmin notariat ofisinə mirasın qəbulu və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş müddəti ötürdükdən sonra gələrsə və ya notariat qaydasında təsdiq edilmiş ərizəsini göndərərsə, müddətin hesablanması birinci ərizənin poçtla daxil olduğu gündən hesablanır.