Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü keçirilib.
Heftelik.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
– Hörmətli Emoməli Şaripoviç.
Hörmətli qonaqlar.
Sizi Azərbaycan torpağında salamlamağıma şadam. Çox şadam ki, Siz mənim dəvətimi qəbul etdiniz və Azərbaycana dövlət səfərinə gəldiniz. Görüşlərimiz müntəzəm xarakter daşıyır. Biz Tacikistanda, Azərbaycanda tez-tez görüşürük. Mən ötən il bir neçə dəfə ölkənizə səfər etmişəm, həmçinin Sizin dəvətinizlə Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə toplantısında iştirak etmişəm. Siz, həmçinin ötən il Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın Zirvə toplantısı çərçivəsində ölkəmizdə səfərdə oldunuz. Beləliklə, yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır və bu gün biz Sizinlə həm ikitərəfli gündəliklə, həm də beynəlxalq, regional problemlərlə bağlı bir çox mühüm məsələlər üzrə məsləhətləşmələri və müzakirələri davam etdirdik. Aydındır ki, dövlət səfərinin xüsusi statusu var və bu, münasibətlərimizin bugünkü yüksək səviyyəsinin təzahürüdür. Həmçinin münasibətlərin inkişafında mühüm mərhələlərdən biri bu gün imzalayacağımız, bununla da münasibətlərimizin səviyyəsini rəsmi şəkildə yüksəldəcəyimiz Strateji Tərəfdaşlıq Bəyannaməsidir. Hərçənd, qarşılıqlı münasibətlərin tarixinə və xarakterinə nəzər salsaq, onların çoxdan strateji tərəfdaşlıq xarakteri daşıdığını görərik.
Bizim hədəfimiz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyətdir. Bildiyiniz kimi, Sizin səfərinizdən əvvəl biznes-forum olub. Tacikistanın Azərbaycanda Mədəniyyət Günləri keçirilir. Bütün bunlar münasibətlərimizi konkret məzmunla zənginləşdirir. İqtisadi xarakterli bir neçə sənəd imzalanıb. Bu gün nümayəndə heyətlərinin üzvləri ilə müzakirələr çərçivəsində əlaqələrimizə daha çox məzmun əlavə etmək üçün bu gündəliyi ətraflı nəzərdən keçirəcəyik. Çünki ticarət dövriyyəsinin statistik rəqəmləri ilə tanış olduqdan sonra, əlbəttə ki, onların hələlik bizi qane edə biləcəyini deyə bilmərik. Düşünürəm ki, bizim bu gün Sizinlə, sonra nümayəndə heyətlərinin üzvləri ilə artıq razılığa gəldiyimiz və müzakirə edəcəyimiz məsələlər ticarət dövriyyəsinin artmasına kömək edəcək. Təbii ki, bizim müzakirə etdiyimiz mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq. Çünki Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır.
Gündəliyimiz kifayət qədər genişdir. Təkcə nümayəndə heyətlərinin tərkibi bizim hansı istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyət göstərdiyimizdən xəbər verir. Əminəm ki, nəticələr də çox yaxşı olacaq və səfər faydalı, həmçinin xoş keçəcək.
Bir daha xoş gəlmisiniz.