Mayın 16-da vətəndaş Aygün Əliyeva DİN-in “102” Xidməti-zəng mərkəzinə məlumat verərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanında yerləşən “Olivia” mağazasında almaq istədiyi məhsulu yoxlamaq üçün istifadə etdiyini, bu zaman satıcının qapını bağladığını və ona ödəniş etmədiyi təqdirdə mağazadan buraxmayacağını dediyini bildirib.
Heftelik.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı deyib ki, bir gün sonra vətəndaş A. Əliyeva “Facebook” sosial şəbəkəsində yuxarıda qeyd olunan hadisə zamanı xəsarət aldığını da qeyd edib.
Qeyd olunub ki, vətəndaşın müraciəti üzrə aparılan araşdırma zamanı A.Əliyevanın ərizə və izahatınının alınması üçün dəfələrlə polis şöbəsinə dəvət olunsa da o, ərizə və izahat verməkdən imtina edib: “Bu barədə protokollar tərtib edilərək materiala əlavə edilib. Vətəndaş şifahi məlumatında xəsarət aldığını bildirdiyi üçün onun barəsində məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərar qəbul edilib, lakin həmin vətəndaş ekspertizadan keçməkdən imtina edib.
Araşdırma zamanı həmçinin mağazanın müşahidə kameralarında qeydə alınmış video görüntülərə baxış keçirilib, A.Əliyevaya mağazada olduğu müddət ərzində hər hansı bir fiziki təmas olmadığı müəyyən edilib.
Mağazada kassir işləyən Yasəmən Nəsirova izahatında qeyd edib ki, həmin gün mağazaya müştəri qismində gəlmiş A.Əliyeva üz gelini əlinə sürtərək istifadə etdiyi üçün ona ödəniş etməli olduğu izah olunub. Daha sonra həmin şəxs ödəniş etməkdən imtina edib, ona polis dəvət olunacağı bildirildikdə o, mağazanı tərk etmək istədiyi üçün onun qarşısında dayanaraq mağazanın qapısından çıxmasına mane olub, lakin həmin vaxt ona toxunmayıb. A. Əliyeva özü mağazada gözləyərək “102” xidmətinə məlumat verib, polis əməkdaşları gəlib onun ərizəsini aldıqdan sonra mağazadan çıxıb gedib”.
Fakt üzrə hazırda Xətai RPİ-nin 36-cı Polis Şöbəsində araşdırma davam etdirilir.
Qeyd edək ki, fəlsəfə doktoru Aygün Əliyeva Facebook sosial şəbəkəsində daxili işlər naziri Vilayət Eyvazova müraciət edib. Müraciətində bildirib ki, 16 may 2024-cü il tarixdə saat 16:00 radələrində Həzi Aslanov metrosundan çıxıb evə gedərkən, OLİVİA mağazasının qapısında yazılmış “50% endirim” reklamı diqqətimi çəkdi və mağazaya daxil olub:
“Qapı ilə üzbəüz yerləşdirilmiş və üzərində “50% endirim” yazılmış rəfə yaxınlaşdım. Üz gellərindən birini almaq niyyəti ilə əlimə götürdüm. Qapağını açarkən, tubikin ağzında heç bir blombun olmadığını gördüm. Ağzı açıq olduğundan bunun tester olduğunu zənn etdim və yoxlamaq məqsədi ilə çox cüzi miqdarda əlimin üstünə çəkdim. Bu zaman geldən çox pis qoxunun gəldiyinin, qatı deyil, su kimi olmasının və malın istifadə müddətinin keçdiyini gördüm. Ona görə tubiki yerinə qoydum və bu barədə satıcıya məlumat verdim.
Daha sonra mağazanın saç boyaları olan hissəsinə yaxınlaşdım. Həmin saç boyalarından birini götürüb pulunu ödəmək üçün kassaya yaxınlaşdım. Kassanın yanında dayanan adını bilmədiyim satıcı mənə “Siz hələ əvvəl bayaq götürüb baxdığınız gelin pulunu ödəməlisiniz” dedi. Mən isə həmin gelin köhnə və yararsız olduğunu söylədim və bu səbəbdən almaq istəmədiyimi bildirdim. Belə olan halda, mən almaq istədiyim saç boyasını aparıb yerinə qoyaraq, mağazanı tərk etmək istədim.
Mən qapıya yaxınlaşan vaxt həmin satıcı arxa tərəfdən qəfil mənim qarşıma keçdi və qapını əlləri ilə bağladı. Hər iki qolumdan bərk tutaraq, sol qolumu möhkəm zərblə burdu və məni arxa tərəfə itələdi. Elə bu zaman mən sol qolumda böyük xırçıltı səsini hiss etdim. O, həm də gelin pulunu verməsən, səni mağazadan bayıra buraxmayacam və polis çağıracam söylədi. Satıcı onu da qeyd etdi ki, müdiriyyətin göstərişidir ki, istənilən şəxs əlinə götürüb baxdığı malı mütləq almalıdır.
Daha sonra o, müdiriyyətin otağına girdi, bir neçə dəqiqə orada kiminləsə məsləhətləşəndən sonra otaqdan çıxdı və telefonla kiməsə zəng vurdu. Mənə isə “Polis çağırmışam, durun burda, heç yerə getməyin, indi polis gələcək” dedi. Mən bu mağazada baş verən qanunsuzluqları, özbaşınalıqları və mənə qarşı etdikləri tərbiyəsiz hərəkətləri söyləmək məqsədilə polisin gəlməyini gözlədim.
Təxminən 15 dəqiqə gözlədikdən sonra bir nəfər polis işçisi (sonradan öyrəndim ki, 36-cı polis bölməsinin əməkdaşı Orxan İsmayılov) mağazaya daxil oldu. O, nə baş verdiyini soruşan zaman, həmin satıcı mənim vitrindən götürüb baxdığım 5 manat 99 qəpik qiymətində olan üz gelinin pulunu vermək istəmədiyimi ona bildirdi. Polis isə mənə OLİVİA mağazalar şəbəkəsində qaydaların digər mağazalardan tamamilə fərqli olduğunu, burada nəyi baxmaq üçün əlinə götürmüsənsə mütləq onu almalı olduğumu mənə izah etməyə çalışdı. Mən isə polisə malın keyfiyyətsiz və istifadə müddətinin bitdiyi üçün almaq istəmədiyimi bildirdim. Və polisdən mağazada olan kamera görüntülərinə baxmağı xahiş etdim. Polis isə mənə kamera görüntülərinə baxışın yalnız Daxili İşlər Nazirliyinin 102 çağrı xidmətinə müraciət edəndən sonra mümkün ola biləcəyini söyləyib, mağazanı tərk etdi.
Həmin polis gedəndən sonra mən özüm 102 çağrı xidmətinə zəng vurdum. Olivia mağazasında mənə səbəbsiz yerə qəsdən fiziki zorakılıq göstərdiklərini, beş manat pulun müqabilində mənə xəsarət yetirdiklərini, üstümə polis çağırdıqlarını söylədim və onlardan mağazaya gəlməklərini xahiş etdim.
Mən yalnız 102 əməkdaşları mağazaya gəldikdən sonra həmin satıcının adının Yasəmən olduğunu öyrəndim. Mən təkrarən məsələni onlara izah etdim, keyfiyyətsiz bir məhsulu məcburi və zorakı şəkildə mənə aldırmaq istədiklərini, mən almadığım halda isə mənə xəsarət yetirdiklərini söylədim.
Evə gəldikdən sonra mağazada qolumda başlayan ağrılar daha da şiddətləndi, qolumda şişkinlik və göyərti yarandı. Ertəsi gün yaxınlıqda yerləşən 7 saylı Təcili Yardım stansiyasına müraciət etdim. Onlar mənə qolumu təcili rentgenoloji müayinədən keçirilməli olduğumu söylədilər və məni ən yaxınlıqda yerləşən 6 saylı Poliklinikaya ünvanladılar. 6 saylı Poliklinikada mənə təcili olaraq Travmatalogiya xəstəxanasına getməyi məsləhət gördülər. Elmi-Tədqiqat və Travmatologiya İnstitutunda müayinə olundum, orada mənim qoluma gips sarğısı qoydular və bir ay müddətində işdən azad olunmağımı və bir aydan sonra təkrarən müayinəyə gəlmək lazım olduğunu söylədilər.
Cənab Nazir! Xahiş edirəm, mağazada quraşdırılmış müşahidə kameraları mən mağazaya daxil olan dəqiqədən, çıxan dəqiqəyə qədər diqqətlə araşdırılsın. Mənə səbəbsiz yerə xəsarət yetirən şəxslərin, mağaza rəhbərliyi də daxil olmaqla bu əməllərinə hüquqi qiymət verilsin. Onlar öz cəzalarını alsınlar. Mənə xəsarət mağazanın satıcısı tərəfindən törədilsə də, o bu göstərişi mağaza rəhbərliyindən aldığını özü də dəfələrlə etiraf etdi”.