Həssas informasiyanın silinməsi prosesi çərçivəsində müvafiq silinmə metodunun (məsələn, elektron şəkildə üzərinə yazılma, kriptoqrafik silinmə və s.) seçilməsi və silinmənin nəticələrinin sübut qismində saxlanılması təmin edilir, habelə kənar təchizatçıların, o cümlədən “bulud” xidməti təchizatçılarının xidmətlərindən istifadə edildikdə təchizatçı tərəfindən tətbiq edilən silinmə metodlarının məqsədəuyğunluğu yoxlanılır və silinmənin sübutları tələb edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.
İnformasiya itkisinin qarşısının alınması məqsədilə kritik informasiya sistemlərinin ehtiyat nüsxələrinin yaradılması, həmçinin bərpa prosesinin testləşdirilməsi üzrə azı aşağıdakıları əhatə edən qaydalar qəbul edilir və tətbiqi təmin edilir:
– ehtiyat nüsxələrin yaradılması və bərpası məqsədilə vəzifələr və bu vəzifələr üzrə öhdəlik və səlahiyyətlərin müəyyən edilməsi;
– ehtiyat nüsxələrin yaradılması vasitələrinin mərkəzləşdirilmiş qaydada idarə edilməsi;
– həssas informasiyanın ehtiyat nüsxələrinin şifrələnmiş şəkildə saxlanılmasının təmin edilməsi;
– nəzarət subyektinin biznes ehtiyacları, informasiya təhlükəsizliyi tələbləri və informasiya sistemlərinin kritikliyi nəzərə alınmaqla ehtiyat nüsxələrinin əhatə dairəsi (məsələn, qismən, differensial və (və ya) tam ehtiyat nüsxə) və yaradılma tezliyinin müəyyən edilməsi;
– ehtiyat nüsxələrin arxivləşdirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilən müddətdə və qaydada saxlanılması və saxlanma müddəti başa çatdıqdan sonra silinməsinin təmin edilməsi;
– ehtiyat nüsxələrin ildə 2 (iki) dəfədən az olmamaqla sınaq bərpasının həyata keçirilməsi və nəticələrinin sənədləşdirilməsi;
– ehtiyat nüsxələrin yaradılması üzrə loqların qeydiyyatının aparılması.