Mayın 23-də Azərbaycan Tibb Universitetində Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş “Bu ellərin soyu birdir, kökü bir” adlı təntənəli ədəbi-bədii gecə keçirilib. Tədbirdə ATU rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, tanınmış ictimai xadimlər, o cümlədən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı xanımı ilə birgə iştirak edib.
Heftelik.az xəbər verir ki, tədbirin aparıcıları – Müalicə-profilaktika fakültəsinin 1-ci kurs tələbəsi Aydan Qocayeva, 3-cü kurs tələbəsi Nigar Babayeva bildiriblər ki, may ayı istər Azərbaycan, istərsə də qardaş Türkiyənin həyatında, o cümlədən Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün həyatında önəmli yerə malikdir. Belə ki, mayın 10-u Heydər Əliyev, 19-u isə Mustafa Kamal Atatürkün doğum günləridir. Hər il mayın 19-u Atatürkü anma, Gənclik və İdman Bayramı kimi qeyd olunur. Mayın 28-i isə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür.
Bu əlamətdar tarixlərə həsr olunmuş tədbirdə əvvəlcə Türkiyə və Azərbaycanın torpaqları uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra söz musiqiyə verilib. Tələbələr “İncəbellim” mahnısını ifa ediblər.
Tədbirdə iki xalqın qardaşlığına dövlət başçıları səviyyəsində göstərilən xüsusi diqqət önə çəkilib. Bu il fevralın 14-də ölkə başçısı İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirlərdən sitat gətirilib: “Bizim ailəmiz türk dünyasıdır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür”.
“Çinar” rəqs ansamblının “Nəlbəki” rəqsini ifa etməsinin ardınca Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2018-ci ildə Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş tədbirdəki tarixi çıxışından bir hissə nümayiş olunub: “Dəyərli dostlarım, Azərbaycanın sevinci bizim sevincimiz, qüruru bizim qürurumuzdur. Dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik”.
Azərbaycan Tibb Universitetinin qardaş ölkədən olan tələbəsi Liva Bitməzin ifa etdiyi “100 il marşı” böyük coşqu ilə qarşılanıb. Həmçinin Türk tarixinə qızıl hərflərlə yazılmış Çanaqqala döyüşü, qardaş Azərbaycan türklərinin döyüşdə göstərdiyi qəhrəmanlıq və fədakarlıqlar xatırlanıb. Azərbaycandan köməyə gələnlərdən 284 nəfərin bu döyüşdə şəhid olduğu diqqətə çatdırılıb.
MPF-nin 5-ci kurs tələbəsi Ülkər Gülmalıyevanın ifa etdiyi “Mən azərbaycanlıyam” mahnısı tədbirə xüsusi rəng qatıb. Onun ifası zamanı monitorda Ulu Öndərin “Azərbaycan” şeirini səsləndirməsi nümayiş etdirilib.
Azərbaycanın dar günündə də Türkiyənin yardıma yetişməsi, xüsusilə 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Bakının işğaldan azad edilməsi ehtiramla xatırlanıb.
Sonra MPF-nin 6-cı kurs tələbəsi Fatimə Mirkazımlının pianoda müşayiəti ilə “Lalələr” mahnısı səsləndirilib. “Şəfa” xalq çalğı alətləri ansamblının üzvləri öz rəqsləri ilə tədbiri daha da canlandırıb.
Universitetimizdə təhsil alan 3 minə yaxın əcnəbi tələbə arasında qardaş Türkiyədən olanların çoxluq təşkil etdiyi də diqqətə çatdırılıb: “Bu gün ATU-da 48 ölkədən 3 minə yaxın tələbə və dinləyici təhsil alır. Bunlardan 1305 nəfəri Türkiyə Cümhuriyyətinin payına düşür. Onların 846-ı tələbə, 459-u isə dinləyicidir”.
İki ölkə arasında qardaşlıq əlaqələrinin ildən-ilə daha da güclənməsinin şərəfinə Stomatologiya fakültəsinin 3-cü kurs tələbəsi Cansu Gülzerin ifa etdiyi “Sizə salam gətirmişəm” mahnısı, MPF-nin 1-ci kurs tələbəsi Sezer Çelikin
“Çabuk böyü, çabuk yetiş, tez oğlum,
Vatanına göz dikeni ez oğlum”
misraları ilə başlanan “Bil oğlum”, MPF-nin 2-ci kurs tələbəsi Enes Emrenin Xocalı soyqırımına dair Abdurrahim Karakoçun yazdığı “Qarabağa məktub”, MPF-nin 4-cü kurs tələbəsi Nihat Salahlının “Ay Laçın”, Əczaçılıq fakültəsinin 3-cü kurs tələbəsi Sona Əkbərlinin “İki dövlət, bir millət” şerlərini səsləndirməsi zalda hərarətlə qarşılanıb. “Çinar” rəqs ansamblı üzvlərinin təqdim etdiyi “Zəngəzur yallısı” tarixi torpaqlarımız olan Zəngəzur, İrəvan, Göyçəni bir daha xatırladıb. Əhməd Cavadın “Çırpınırdı Qara dəniz”i isə zalda əyləşənlərin birgə ifası ilə başa çatıb.
Azərbaycan və Türkiyə bayraqlarının Hərbi tibb fakültəsinin tələbələri tərəfindən səhnəyə gətirilməsi və adıçəkilən fakültənin tələbəsi Şövqi Tağızadənin çıxışı zalda coşquya səbəb olub:
“…Qovuşacaq bölünənlər, bölənlər,
Nurlanacaq qaranlıqlar, kölgələr,
Diriləcək Oğuzxanlar, Bilgələr,
Türkə səcdə, türkə təzim olacaq,
Bugün-sabah dünya bizim olacaq!
Bugün-sabah dünya Türkün olacaq!”
Və ardınca zalda dalğalanan ay-ulduzlu bayraqlara baxaraq səsləndirdiyi fikirlər tədbir iştirakçılarını ayağa qaldırıb və alqışlara səbəb olub:
“…Ürəyimdə bir dilək var!
O da doğru kəsilsin!
O gün olsun bu bayraqlar
İrəvanda, Zəngəzurda
Turan üstə açılsın!
Turan üstə açılsın!
Yaşasın Azərbaycan, Türkiyə!
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”