“Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı. Heydər Əliyev”
Ümummilli lider Müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 106 il keçir. 1918-ci il mayın 28-də Azərbaycan xalqını təmsil edən Milli Şura türk-İslam dünyasında ilk demokratik respublika formasında Azərbaycanın dövlət müstəqilliyini elan etdi. Bu tarixi hadisədən uzaqlaşdıqca onun təkcə Azərbaycan və müsəlman Şərqində deyil, beynəlxalq aləmdə də böyük əhəmiyyət daşıdığı daha aydın və iri planda görünür. Zaman keçdikcə cümhuriyyət irsinə daha dərindən və geniş aspektdə müraciət olunur və bir çox sualları yenidən cavablandırmaq və ibrət almaq lazım gəlir. Cümhuriyyətin yaradılmasına aparan tarixi yol necə olub? Cümhuriyyət necə elan edilib? Buna hansı daxili və beynəlxalq amillər təsir edib? Azərbaycan hökumətinin ölkə daxilində həyata keçirdiyi tədbirlərin əhəmiyyəti nədən ibarət olub? Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin xarici siyasəti necə olub? Dövlət müstəqilliyinə necə son qoyulub? Cümhuriyyət dövrü tariximizdən hansı ibrət dərsləri almalıyıq? Bütün bu suallar, Azərbaycan ötən əsrin son onilliyində itirilmiş dövlət müstəqilliyini bərpa etdikdən sonra xüsusi aktuallıq kəsb etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğuna son qoymuş, onun irsini “7 qıfıl” altında gizlətmiş 70 illik sovet dövründə Azərbaycan tarixinin yazılmayan və danışılmayan, üstündən sükutla keçilən, ən yaxşı halda, söhbət açılanda da kobudcasına təhrif edilən səhifələrindən biri 1918–1920-ci illərdə milli dövlətçiliyin bərpası dövrü olub. Bu tarixə dair arxiv sənədləri daim “məxfi”, “tam məxfi” qrifləri altında saxlanıldığından tədqiqatçılar tarixi həqiqətlərin heç də hamısını bilməyiblər, bilənləri isə ideologiyanın təsiri altında onu məqsədli şəkildə, düşünərək, təhrif edərək yazıblar. Lakin Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra yaranmış yeni şəraitdə belə arxiv fondları açıldıqda tamamilə başqa bir mənzərə üzə çıxdı. Cümhuriyyət tarixinə yeni baxış meydana gəldi. Cümhuriyyət tarixinin sis¬temli şəkildə araşdırılmasında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında”, “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında” və “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında” sərəncamları mühüm rol oynadı. Məhz həmin sənədlərdə nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsi nəticəsində sonrakı illərdə cümhuriyyət dövrü tarixinə həsr olunmuş ciddi, əhatəli və dərin elmi-tədqiqat işləri aparıldı, qiymətli əsərlər yazıldı, xarici siyasət sənədləri, parlamentin stenoqramları və b. nəşr edildi.
Emin Hüseynov,
Nəsimi rayon sakini