Qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Debed və Kür çayında suyun səviyyəsi kəskin artıb, hazırda da Debed çayında sel davam edir.
Heftelik.az-ın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.
O qeyd edib ki, Kür çayının Ağstafa rayonu ərazisində Qıraqkəsəmən avtomat hidroloji məntəqəsində mayın 26-da suyun səviyyəsi dünən ilə müqayisədə 152 sm artıb və hazırda da səviyyənin artımı davam edir.
Asif Verdiyev Avtomat stansiya vasitəsilə Kürdə suyun səviyyəsinin izlənildiyini və nəzarətdə saxlanıldığını bildirib:
“Səviyyənin artımının mayın 27-də də davam edəcəyi gözlənilir.
Yaranmş vəziyyətlə əlaqədar Qazax, Tovuz və Ağstafa rayonlarının ərazisində yaşayan əhalinin diqqətli olmaları və çayın sahilindən kənar durmaları xahiş olunur”.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, ölkənin bəzi ərazilərində davam edən leysan xarakterli intensiv yağışlar, həmçinin qonşu Gürcüstanda Kür çayının hövzəsində müşahidə edilən güclü yağışlar nəticəsində Kür çayının səviyyəsinin kəskin artması səbəbindən bəzi açıq sahələrdə suyun məcradan çıxması baş verib, lakin yaşayış məntəqələrinə hər hansı təhlükə qeydə alınmayıb.
Bununla belə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə təhlükəli vəziyyətlə əlaqədar hər hansı müraciət daxil olmayıb. Hazırda FHN tərəfindən mövcud şərait diqqətlə izlənilməklə vəziyyət tam nəzarət altında saxlanılır.