Goranboy rayonunda həssas qruplardan olan şəxslərə hüquqi konsultasiya xidməti göstərilib.
Heftelik.az-ın məlumatına görə, görüş zamanı iştirakçılara təşəbbüsün məqsədi, həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlə bağlı məlumat verilib.
Müraciət edən vətəndaşlar fərdi şəkildə qəbul edilib onların sualları cavablandırılıb. Müraciətlər əsasən dayandırılan əlillik müavinətinin bərpası, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən əvvəlki üç il üçün aylıq müavinətlərin ödənilməsi ilə bağlı olub.
Görüş zamanı 19 nəfərə hüquqi konsultasiya xidməti göstərilib. Onlardan 6 nəfərin dövlət qurumlarına müraciətləri hazırlanaraq vətəndaşlara təqdim edilib. Digər vətəndaşların sənədləri götürülüb və müvafiq qeydlər aparılıb. Qarşıdakı günlərdə vətəndaşların sənədləri hazırlanaraq imzalanıb aidiyyatı qurumlara göndərilməsi üçün benefisiarlara çatdırılacaq.
Qeyd edək ki, Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinə məxsus “Həssas qrupdan olan region sakinlərinin hüquqi müdafiəsi və onların məşğulluğuna dəstək” təşəbbüsü Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “Vahidoğlu konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra edilir.