Bu gün xüsusən şəhər və rayon mərkəzlərimizdə, o cümlədən artıq kəndlərimizdə gənclərin elektron siqaretlərə aludəçiliyinin artması göz önündədir. Artıq elektron siqaret çəkən qızları görmək də adiləşir. Bu, az qala modern bir yaşam kimi özünə yer etməyə başlayıb.  Bu elektron siqaretlər də əsasən “Philip Morris”” şirkətinin məhsullarıdır.

Heftelik.az-ın məlumatına görə, elektron siqaretlərin reklamı da gənclər arasında elektron siqaretə xüsusi rəğbətin, aludəçiliyin yaradılmasına hesablanıb.

Məsələn, “Philip Morris” şirkətinin Almaniya bölməsinin rəhbəri Markus Essinq iddia  edib ki, “Philip Morris” gələcəkdə adi siqaretlərdən imtina etmək və siqaret çəkənlərə daha az zərərli alternativlər təklif etmək niyyətindədir. Bu cür alternativlərə isə IQOS (qızdırılan tütün və elektron siqaret məhsulları xətti) və digər məhsulları aid edir. Şirkət 2025-ci ilə qədər qazancının ən azı yarısını belə məhsullardan əldə etməyi qarşısına məqsəd qoyub. Bunun üçün qoyduğu sərmayənin həcmi isə çoxdan 10 milyard dolları ötüb.

Qeyd edək ki, elektron siqaretlər üçün ilk patent 1930-cu ildə ABŞ-da alınsa da, hər hansı prototipi hazırlanmayıb. 1990-2000-ci illərdə elektron siqaretin yaradılması istiqamətində çoxsaylı tədqiqatlar və sınaqlar aparılıb. 2003-cü ildə bazara ilk işlək model buraxılıb. Bu, Çinin paytaxtı Pekində baş verib. Cihazın müəllifi 52 yaşlı əczaçı, ixtiraçı Xon Lik olub.

Elektron siqaretlərin əsas komponenti ayrıca alınan və müxtəlif dad əlavələri (mentol, vanil, kofe, şokolad və s.) olan mayedir. O, propilenqlikol, qliserol, aramotozator və nikotin əsaslı və ya onsuz olur. Birinci komponent elektron siqaretlərdə əlaqələndirici zümrə rolunu oynayır. Qliserol buxarın keyfiyyətinə təsir edərək onu daha sıx, zəngin edir. Aramotozator təbii və süni yollarla alınan qarışıqdır və mayeyə dad verir. Nikotinin varlığı həm də trotxit (boğaza zərbə) effekti üçün lazımdır. Bu effekt özünü yuxarı nəfəs yollarında yerləşən sinir uclarının qıcıqlanmasında göstərir ki, bunun hesabına insan e-siqaret çəkməkdən ləzzət alır.

Yəni qızdırılan mayelərin tərkibində nikotin ola da bilər, olmaya da bilər. Həmin mayelərin tərkibində adətən insan sağlamlığına zərər verə bilən əlavələr, ləzzətlər və kimyəvi maddələr də olur.

Piarı necə qurulur?

“Philip Morris”-in dünyanın müxtəlif media strukturlarında piar şirkətləri vasitəsilə təşkil etdiyi piar kampaniyalarının tezisləri də artıq məlumdur.  İddia olunur ki, keçirtdikləri kliniki tədqiqatlar elektron siqaretlərin adi siqaretlərlə müqayisədə 90 faizə qədər ziyansız olduğunu ortaya qoyub. Siqaret çəkənlər bu vərdişdən imtina etmədiklərinə görə elektron siqaretlər daha yaxşı alternativdir, məhsulları da uşaqlar üçün deyil. Qeyd edilir ki, siqaretdə yanma nəticəsində yaranan qətran xərçəngə, ağciyərdə xroniki xəstəliklərə yol açır,  elektron siqaretlərdə isə yanma yoxdur, söhbət nikotinin qızdırılmasından gedir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), həkimlər isə həyəcan təbili çalırlar. ÜST elektron siqaretlərin istehlak məhsulları kimi açıq bazara çıxarılmasından və gənclər arasında kütləvi təbliğində narahatdır. Hazırda 88 ölkədə elektron siqaretlərin alınması üçün minimum yaş həddi yoxdur və 74 ölkədə bu zərərli məhsullarla bağlı qaydalar yoxdur. Reklam kampaniyalarında cəlbedici ləzzət vədi həm də uşaqları hədəfləyir. Cizgi filmi personajlarından istifadə edilir, zərif dizayna malikdir. Yəni bununla da gənc nəslin diqqəti cəlb edilir. Bəziləri oyuncaq və oyunlara bənzəyir. ÜST-ün məlumatlarından aydın olur ki, bir çox ölkələrdə uşaqlar və gənclər arasında elektron siqaret istifadəsində narahatlıq doğuran artım var, nisbətə diqqət yetirilsə, uşaqlar və gənclər arasında elektron siqaretdən istifadənin səviyyəsi böyükləri üstələyir. Hətta sosial şəbəkələrdə elektron siqaretlərlə bağlı qısa müddətli informativ təsir bu məhsullardan istifadəni genişləndirmək və elektron siqaretlərə daha müsbət münasibət yaratmaq üçün həyata keçirilir.

ÜST onu da nəzərə çatdırır ki, nikotinin olduğu elektron siqaretlər istənilən halda insanlarda asılılıq yaradır. Bu təzə məhsulun insanlara tam təsiri öyrənilməsə də, ziyansız olduğu barədə fikirlər də əsaslandırılmayıb.

Azərbaycanda həkimlərin müəyyən qismi də artıq elektron siqaretlərin ziyanı haqqında danışmağa başlayıb. Tibb elmləri doktoru, professor Adil Qeybulla adi siqaretin yanması nəticəsində yaranan qətranın xərçəng törətməsi riskinin yüksək olduğunu xatırlatmaqla bərabər onu da nəzərə çatdırır ki,  elektron siqaretlərdə  sintetik, aromatik maddələr var. Həmin maddələr də xərçəng şişi törətmək qabiliyyətinə malikdirlər. Adil Qeybulla da bu gün elektron siqaretlərin istifadəsinin kişilərlə yanaşı qadınlar arasında da geniş yayılmasından narahatdır, bunun son dərəcə təhlükəli olduğunu nəzərə almaq lazım olduğunu vurğulayır.

Qeyd edək ki, hazırda az da olsa, Azərbaycanda elektron siqaretlərlə mübarizədə gecikməyin ciddi problemlərə gətirib çıxaracağını qəbul edən, bununla mübarizə aparmaq istəyənlər də var. Bu baxımdan bu il aprelin 23-də Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin çıxışı diqqət çəkib.

Parlamentin komitə sədri Azərbaycanda elektron siqaretin istifadəsinin qadağan olunmasını təklif edib. Tahir Mirkişili qeyd edib ki, elektron siqaret gənclər arasında geniş yayılan, dəb, moda halını alan, amma gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq siqaret çəkmək növüdür. Eyni zamanda spiker Sahibə Qafarovadan parlamentin  Aqrar siyasət komitəsi ilə bununla bağlı kiçik araşdırma aparmaları üçün icazə verməsini istəyib. Artıq dünya ölkələrində elektron siqaretlərin qadağan olunmağa başladığını xatırladan Tahir Mirkişili  Azərbaycanda buna qadağa olmadığını söyləyib, il ərzində təxminin 3 milyona yaxın birdəfəlik elektron siqaret idxal olunduğunu açıqlayıb. Parlamentin komitə sədri bildirib ki, əgər iqtisadi cəhətdən bu zərər verməzsə və ya digər məsələlər önə çıxmazsa, bu məsələ ilə bağlı təşəbbüslə çıxış edə bilərlər.

İstənilən halda parlamentin komitə sədrinin belə təşəbbüslə çıxış etməsi müsbət haldır. Ancaq bu təşəbbüs parlament səviyyəsində qaldırılacaqmı, bu, məlum deyil. Azərbaycan hökuməti məsələ barədə nə düşünür?

Reallıqsa hazırda odur ki, “Philip Morris” Azərbycanda da 2025-ci ilə qədər qarşısına qoyduğu məqsədə doğru gedir, biz isə mübarizədə gecikirik. Azərbaycan gecikir…