Mayın 27-də saat 22 radələrində Zaqatala rayonu,Yuxarı Tala kəndi ərazisində 1980-ci il təvəllüdlü Nətəvan Əhmədovanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Zaqatala Rayon Prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, araşdırma zamanı 1989-cu il təvəllüdlü Nurlan Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nurlan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.

Zaqatalada baş verən dəhşətli qətlin bəzi təfərrüatları da məlum olub. APA-nın məlumatına görə, ilkin araşdırma zamanı məlum olub ki, hadisə Natavan Əhmədovanın ata yurdunda baş verib. Həmin gün bacı-qardaş və yaxın qohumlar mərhumun atası Mövlud kişinin il mərasiminə toplaşıblar. Mərasimda hələki məlum olmayan səbəbdən 35 yaşlı Nurlan Mövlud oğlu Əsgərov bacısı 44 yaşlı Natavan Əhmədovaya odlu silahdan atəş açıb. Hadısə zamanı ağır bədən xəsarətləri alan Natavan Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılakən yolda dünyasını dəyişib.