AzTV-nin keçmiş sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücaət Əkbərov və digərləri barəsində hökmlə bağlı verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, sui-qəsd cəhdi ilə bağlı 2017-ci ildə 4 nəfər həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şücaət Əkbərov 18 il, Qoçəli Cəbiyev 17 il, Zöhrab Şirinov 16 il, Aqşin Hüseynov isə 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
A.Hüseynov cəzasını istintaq və məhkəmə müddətində çəkdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb. Q.Cəbiyev isə 2020-ci ildə həbsdə vəfat edib. Sonradan Apellyasiya Məhkəməsi Ş.Əkbərovun cəzasını 16 ilə, Z.Şirinovun cəzasını isə 14 il 6 aya endirib.
İttihama görə, Ş.Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək, mütəşəkkil dəstə yaradıb, qanunsuz olaraq silah-sursat əldə edib, sifarişlə Arif Alışanov və onun ailə üzvlərini öldürməyə cəhd edib. O, A. Alışanovun 4,6 milyon manatlıq əmlakını ələ keçirmək istəyib.
Arif Alışanov 2019-cu ildə AzTV-nin sədri vəzifəsindən azad olunub.