Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub.
Heftelik.az-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə Sadiq Cabir oğlu Əliyev Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Sadiq Əliyev 1984-cü ildə anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb.
2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Ailəlidir, 3 övladı var.
Qeyd edək ki, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad edilib.