Talanmış, itirilmiş və ya aşkar edilmiş xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaların və ya sənədlərin mərkəzləşdirilmiş axtarış uçotuna aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
Talanmış, itirilmiş və ya aşkar edilmiş xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədlərin axtarışının uçotu aşağıdakı məlumatlar əsasında aparılır:
– xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri, o cümlədən tarixi şəxsiyyətlərin (dövlət, siyasi, ictimai xadimlər, mütəfəkkirlər, elm, ədəbiyyat və incəsənət xadimləri) həyat və fəaliyyətinə aid olan əşyalar;
– arxeoloji qazıntılar zamanı əldə edilmiş bu Təlimatın 10.2.1-ci yarımbəndində qeyd olunan əşyalar və onların fraqmentləri;
– əl işi sayılan şəkil və təsvirlər;
– orijinal heykəltaraşlıq əsərləri və relyeflər;
– orijinal ədəbi-bədii kompozisiyalar və montajlar;
– dini ayinə aid olan əşyalar, ikonalar;
– qravyuralar, estamplar, litoqrafiyalar və onların orijinal mətbəə formaları;
– dekorativ tətbiqi incəsənət əsərləri, habelə şüşədən, saxsıdan, metaldan, sümükdən, palçıqdan və digər materiallardan hazırlanmış sənət əsərləri;
– ənənəvi xalq ədəbi yaradıcılığına dair əşyalar;
– monumental incəsənət, arxitektur, tarixi abidələr və onların hissələrinin fraqmentləri;
– ayrıca və ya kolleksiya şəklində xüsusi əhəmiyyət kəsb edən elmi, tarixi qədim kitablar, dərclər;
– nadir əlyazmalar və abidələr;
– foto, fono, video və kino arxivləri;
– təkrarolunmaz və nadir musiqi alətləri;
– qədim odlu və soyuq silahlar;
– ayrıca və kolleksiyada poçt markaları, başqa filoteliya materialları;
– qədim sikkələr, ordenlər, möhürlər və başqa kolleksiyalı əşyalar;
– paleontologiya, anatomiya və minerologiya elmləri üçün əhəmiyyət kəsb edən fauna və floranın kolleksiyalarına aid olan nümunələr;
– dövlət tərəfindən tarix və mədəniyyət abidəsi kimi qorunan başqa daşınar əşyalar.
– Talanmış, itirilmiş və ya aşkar edilmiş xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədlərin mərkəzləşdirilmiş uçota alınmasının əsası – uçot obyektinin talanması faktı üzrə cinayət işinin başlanılması haqqında və ya bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar.