Azərbaycanın dini rəhbər statusunu daşımış Şeyxulislamlar hər biri yaşadığı dövrün bütün çətinliklərinə baxmayaraq xalqın özünü tanıması və milli yaddaşının itməməsi üçün zəhmət sərf etmiş hörmətli şəxsiyyətlərdir.

Bu 200 ildə Qafqaz Müsəlmanları İdarəsinə 12 Şeyxülislam rəhbərlik edib. Onlardan 5-i SSRİ zamanında bu postu tutub.
Heftelik.az-ın məlumatına görə,  Azpost.info “FOTOXRONİKA” layihəsində bu maraqlı fotonu təqdim edir.
Şəkildə Qafqaz Müsəlmanları Ruhani İdarəsinə 1978-80-ci illərdə rəhbərlik etmiş Şeyxülislam Mirqəzənfər İbrahimov və o vaxt onun müavini işləyən, Təzəpir məscinin axundu Allahşükür Paşazadə əks olunub.
Qafqaz müsəlmanlarının XI Şeyxülislamı olan Mirqəzənfər İbrahimov ali dini təhsil almayan yeganə şeyxülislamdır.
Şeyxülislam Mirqəzənfər İbrahimovun çox maraqlı həyat yolu olub.
Mirqəzənfər İbrahimov 1909-cu ildə anadan olub. Gəncliyində daha çox dünyəvi elmlərə meyli ilə seçilən M.İbrahimov gənc yaşlarında bir müddət daxili işlər orqanlarında çalışıb. Daha sonra dünyəvi işlərdən uzaqlaşaraq, dini həyat tərzini seçib. Səkkizinci Şeyxülislam Əliağa Süleymanzadənin qəbuluna gələn M.İbrahimov onun yoxlamasından və imtahanlarından uğurla çıxaraq, bir müddət Quba məscidində axundluq edib. Sonralar isə Gəncə məscidinə axund göndərilib.
Axund Mirqəzənfər İbrahimov daha sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavini vəzifəsində çalışıb. Şeyxülislam Əliağa Süleymanzadənin vəfatından sonra 1976-ci ildə Zaqafqaziya müsəlmanlarının 2 il sədri olmayıb.
Yalnız 2 ildən sonra -1978-ildə çağırılmış Zaqafqaziya müsəlmanlarının 7-ci qurultayında Göyçay məscidinin axundu olan Mirqəzənfər İbrahimov Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin yeni sədri – Şeyxülislam seçilim, Allahşükür Paşazadə isə sədr müavini təyin edilib.
Mirqəzənfər İbrahimov marksizim-leninizm nəzəriyyəsinin İslamın mövqeyinə tamamilə uyğun gəldiyini iddia edir, SSRİ dövlətinin milli məsələ haqqında siyasətini İslam dininin “İslam təlimi qarşısında vahid olan beynəlxalq islamiyyət vardır, İslam bayrağı altında bütün millətlərin birliyi və qardaşlığı mövcuddur” prinsipi ilə eyniləşdirirdi.
Onun düşüncələrinə görə, yalnız İslam dini insanlar arasında milli mənsubiyyəti saxlamaqla milli firqələri inkar edir və bu xüsusda milli ədavətə son qoyur.
Şeyxülislam Axund Mirqəzənfər İbrahimov 1980-ci ildə vəfat edib və Bakı şəhərində dəfn edilib.
Həmin il Allahşükür Paşazadə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri seçilərək, Şeyxülislam rütbəsi alıb. 1980-ci ilə qədər qapalı və ictimai həyatdan uzaq olan Qafqaz Müsəlmanları Ruhani İdarəsi Allahşükür Paşazadənin şeyxülislam seçilməsi ilə özünün aktiv dövrünə qədəm qoyub.
1982-ci ildə aparılmış rəsmi qeydiyyata əsasən, ölkədə cəmi 123 molla olub. Onlardan yalnız 16 nəfərinin dini təhsili vari idi. 1985-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş cəmi 18 məscid və 53 dini icma fəaliyyət göstərirdi. Buxaradakı “Mir Ərəb” mədrəsəsinin və Daşkənd İslam Universitetinin məzunları olan bu ruhanilərin hamısı Qafqaz Müsəlmanlar İdarəsində və Bakı şəhərinin məscidlərində işləyirdilər.
Allahşükür Paşazadə SSRİ zamanında Daşkənd İslam İnstitutunda ali təhsil almış azsaylı azərbaycanlı savadlı dindar kəsiminin ilk pionerlərindən olub. Ateist sovet rejimi üçün savadlı din xadimi arzuolunan sayılmırdı.
QMİ sədri həmçinin elmi dərəcəsi olan ilk Şeyxülislamdır.
Tarix elmləri doktoru Allahşükür Paşazadənin 1990-cı ildə yazdığı, elmi redaktoru akademik Ziya Bünyadovun olduğu “Qafqazda İslam” əsəri Azərbaycan elmi tarixində öz layiqli yerini tutur. Sanballı elmi fikirlərlə ehtiva olunmuş bu kitab şərqşünas – tarixçilərin, dinşünasların elmi mənbə kimi istinad etdikləri dəyərli əsərdir. Bu əsər onun elmi fəaliyyətinin əsasını təşkil edir. 1991-ci ildə nəşr olunmuş kitab fundamental nəşrlərdən sayılır. Burada elmi mübahisə mövqeyindən maraqlı nəzəri mülahizələr təqdim olunur.
Bu elmi araşdırmada islamın Qafqazda yayılma tarixi, onun bu arealda yaşayan xalqlara təsiri araşdırılıb.
Kitab həmin dövrə qədər Azərbaycanda islam və onun tarixinə dair sovet ideoloji platformasından kənar yazılan ilk araşdırmadır. Allahşükür Paşazadə 1991-ci ildə bu elmi əsərini Azərbaycanın görkəmli alimi, akademik Azad Mirzəcanzadənin rəhbərlik etdiyi Ali Attestasiya Komitəsində uğurla müdafiə edərək professor elmi dərəcini alıb.
Xalqın özünün yetişdirdiyi din xadimləri cəmiyyətdə birliyi təmin etməkdə xüsusi əhəmiyyət daşıyır. Özünün belə “sələfələr və xələfələr” zəncirinə malik olan Azərbaycan xalqının öz milli dini liderlərinə istinadı ölkəmiz üçün vacib məqamlardandır.