Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Parisdəki Azərbaycan və Türkiyənin diplomatları, siyasi, mədəni, işgüzar dairələrin, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Heftelik.az-ın məlumatına görə, Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə dəstəyi ilə təşkil olunmuş tədbirdə ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva 106 il əvvəl mayın 28-də Şərqdə, müsəlman dünyasında ilk parlamentli demokratik dövlət – Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu bildirib. Səfir Xalq Cümhuriyyətinin keçdiyi yoldan söz açıb, 23 ay mövcud olduğu dövr ərzində qazandığı uğurlardan, onun müstəqillik yolundakı mübarizəsindən danışıb.
Səfir qeyd edib ki, Ulu Öndərin ölkədə apardığı köklü islahatlar və dəqiq müəyyən edilmiş strategiya Azərbaycanı dinamik inkişafa malik müasir dövlətə çevirdi. Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz beynəlxalq arenada layiqli yerini tutub.
Azərbaycanın regionda davamlı sülh və inkişaf üçün çalışdığını deyən Leyla Abdullayeva suverenliyimizin bərpasının bütün Qafqaz regionunda yeni reallıqlar yaratdığını vurğulayıb.
Tədbirdə çıxış edən Fransada Azərbaycanın Dostları Assosiasiyasının idarə heyətinin üzvü Jerom Begən Azərbaycanın beynəlxalq arenada layiqli yerini tutmasından, müstəqilliyindən bu günədək demokratik dövlətə çevrilməsindən danışıb.
Tədbir konsert proqramı ilə davam edib.