Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aysel Məmmədova barəsində ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması ilə bağlı vəsatətə baxılıb.
Prosesdə zərərçəkmiş şəxslərdən – Tural Nəsimiyev, Kamil Əhmədov və Ramil Dadaşov təqsirləndirilən Aysel Məmmədova barəsində olan ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsi barədə vəsatətlər veriblər.
Dövlət ittihamçısı məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirib.
Təqsirləndirilən Aysel Məmmədovanın vəkili vəsatətin təmin edilməməsini istəyib: “İş üzrə Aysel Məmmədovanın 10 epizodda adı çəkilir. 5 epizod üzrə zərərçəkmiş şəxslər pulu şəxsən Aysel Məmmədovaya verdiklərini bildiriblər. 5 epizod üzrə isə pullar Aysel Məmmədovanın iştirakı ilə digər təqsirləndirilən Nuridə Seyidovaya verilib”.
Təqsirləndirilən şəxs özü isə istintaq zamanı dayısının yardım məqsədilə zərərçəkmiş şəxslərə ümumi 105 min manat ödədiyini və vəsatətin təmin edilməməsini istəyib.
Vəsatətə münasibət bildirən digər təqsirləndirilən Aynur Bayramova onun barəsində seçilmiş həbs qətimkan tədbirinin qanunsuz olduğunu bildirib: “Mən xəstəyəm, övladım da xəstədir. Burada həqiqət deyilmir. 5 valideyn öyrədilərək bura çıxarılır. Digər valideynlər danışdırılmır. Onlar da nə deyir, onu da edirlər. Nuridənin səs yazısı var, bütün pullar ona verilib. Mən bu məsələni qaldırmışam, zərərçəkmişlərlə birgə polisə getmişəm. Demişəm ki, sizin pulunuzu Nuridə yeyib. Bundan sonra Nuridə məni şantaj etdi. Mən heç bir zərərçəkmişin pulunu yeməmişəm. Allahdan qorxun, yalan danışmayın. Nuridə Seyidova zərərçəkmiş şəxslərin pulu ilə içəridə kef çəkir. Nuridə zərərçəkmişlərdə mənə qarşı fikir formalaşdırır. Mənim heç bir günahım yoxdur. Mən zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə çalışmışam. İndi burada üzümə dururlar. Burada bütün valideynlər danışmır, 5-6 nəfər ortaya düşüb”.
Daha sonra qərar elan edilib. Qərara əsasən təqsirləndirilən Aysel Məmmədova barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və o məhkəmə zalında həbs edilib.
Daha sonra məhkəmə təqsirləndirilən Aysel Məmmədovanın ifadəsi ilə davam edib. O bildirib ki, yaxın qohumunun övladının əməliyyatını N. Seyidova edib, bundan sonra ona güvəni yaranıb:
“Qohumun övladının xəstəliyi vardı. Nuridəyə müraciət etdilər. Bu əməliyyat üçün ona 25 min pul verdilər. Uşaq da əməliyyat olundu. Ona görə Nuridəyə güvənim artdı. Zərərçəkmiş Tural Nəsimiyevdən 35 min dollar alınıb. Pulu mənim iştirakımla Tural Nuridəyə verdi. Dayım Turala 10 min pul ödədi. Digər şəxs Zeynəb Cəlilovadan 25 min götürdüm. Nuridənin göstərişi ilə pulu başqa xəstəxanaya göndərdim. Zeynəb Cəlilovaya da 10 min ödəmişəm. Kamil Əhmədov 23 min pulu mənə verdi. Sürücü ilə Nuridəyə göndərdim. Nuridə ilə Kamil öz aralarında pulun geri ödənilməsi barədə razılaşmışdılar. İstintaq zamanı Kamilə də 10 min geri ödəmişəm. Mənə pul verdiyini deyən Ramil Dadaşov 51 min manatı özü yox, xalası oğlu birbaşa Nuridəyə verib. Pul alanda mən heç orda olmamışam. Sadəcə, telefonla əlaqə yaratmışam deyə ittihamda mənim adıma yazılıb. Ramil Dadaşova da 15 min pul qaytarmışam. Xəyal İsayev epizodunda onu görməmişəm. Pulu onun yoldaşı Şövkət xanım Nuridəyə verib. Pulu nə mən almışam, nə də mənim iştirakımla alınıb. Ona da istintaq zamanı 15 min qaytarmışam. Lamiyə Hüseynova Gəncədə yaşayır. O pulu “Milli Ön” vasitəsilə Nuridəyə atacaqdı. Nuridə dedi ki, mənim kartımdan pul çıxılır. Ora atma. Mənim kartıma pul atılıb. Lamiyə xanım pulun çeklərini də Nuridəyə atırdı. Mənə pul gələndə də Nuridəyə verirdim. Nərgiz Mahmudova mənə pul verməyib. Sadəcə, pul veriləndə mənim iştirakım olub. 9 mini Toğrula verib. Toğrul da Nuridəyə aparıb verib. İstintaq zamanı 4 min ödəmişəm. Elnarə Mirzəyeva mənimlə telefonda danışıb 25 mini Nuridəyə aparıb verib. Sevinc Səmədovadan 22 min 500 manat pulu mən yox, Toğrul alıb. İttihamda mənim adım qeyd olunub”.
Daha sonra təqsirləndirilən Aysel Məmmədova məhkəmənin suallarını cavablandırıb.
Proses iyunun 5-də davam etdiriləcək.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq dələduzluq edib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə prosesində Aynur Bayramova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.