Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və tabeliyində olan büdcədən maliyyələşən qurumlar (seçmə qaydada) tərəfindən dövlət vəsaitinin və dövlət əmlakının istifadə olunmasının hüquqi aktlara uyğunluğunun müəyyən edilməsi məqsədi ilə uyğunluq auditi aparılıb.

Hesablama Palatasından Heftelik.az-a verilən məlumata görə, audit 2023-cü ili əhatə edib və bu dövrdə 24 303 436,26 manat xərc icra edilib.

Məlumata görə, auditlə əhatə olunan təhsil müəssisələrində normativlərin tələblərinin gözlənilməməsi, dərs saatlarının artırılması, bir şagirdin bir neçə qrupda göstərilməklə və əvvəlki tədris ilində olmayan şagirdlər hesabına qrupların təşkil edilməsi nəticəsində artıq vəsaitlərin ödənilməsi, dövlət satınalmalarının keçirilməməsi, müqayisələr əsasında müqavilələr üzrə qiymətlərin artırılması və nəzarət ölçü qaydasında baxış zamanı avadanlıqlarda çatışmazlıqlar aşkar edilmişdir. Qeyd olunan hüquqpozmalarda cinayət tərkibinin əlamətləri olduğu ehtimal edildiyindən, həmçinin əvvəlki illərdə olan nöqsan və çatışmazlıqların cari ildə də davam etməsi nəzərə alınmaqla “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.