Orta aylıq əməkhaqqı dinamikdir və dəyişir.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Nazir müavini bildirib ki, peşə hazırlığı kursları ilə bağlı hədəflər var: “Çalışmaq lazımdır ki, peşələr əmək bazarının tələbini ödəsin. Sorğular vasitəsilə biz əmək bazarında ən çox tələb olunan peşələri müəyyən edirik. Peşə hazırlığı motivasiya əsaslı olmalıdır, heç kim təqaüdə görə peşə hazırlığına gəlməməlidir. Biz 2018-ci ildən sonra peşə hazırlığına yanaşmanı 90 % dəyişmişik. Növbəti mərhələdə peşə hazırlığını bitirənlərin 65 %-nin işlə təmin olması hədəfimizdir. Peşə hazırlığı keçənləri əmək bazarına buraxmaq hədəf deyil. Bizim hədəfimiz odur ki, işə götürənlə işsiz şəxsləri əlaqələndirək, işsizləri peşə hazırlığına cəlb edək və onların işlə təmin olunmasına nail olaq. Hamımız bilirik ki, əmək bazarının lokomotivi işəgötürənlərdir. Biz işəgötürənlərlə əməkdaşlığımızı inzibati model üzərindən deyil, xidmət modeli üzərindən qururuq. Biz işəgötürəni kimisə işə götürməyə məcbur edə bilmərik. Gəmidə oturub gəmiçi ilə dalaşa bilmərik. Yəni işəgötürəni durmadan cərimə etsək, onlara sonra işçi göndərə bilmərik. Biz işəgötürənlərin özlərini bizlə işləməyə həvəsləndiririk”.
Nazir müavini dövlət təşkilatlarında olan vakansiyalarla bağlı deyilənlərə münasibət bildirib: “Biz dövlət qurumları ilə işləyirik. Gələn işsizlər dövlət orqanlarında iş istəyəndə, biz onlarla iş aparırıq. Amma dövlət qurumlarında bir çox vakansiyalar dövlət qulluğuyla, imtahanla qəbulla bağlı olur. Onların elan olunmasının da heç bir əhəmiyyəti yoxdur”.