Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev peşə hazırlığına cəlb olunanların təqaüdünün azaldılmasına münasibət bildirib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün komitədə “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı Musa Quliyev deyib ki, peşə hazırlığına cəlb olunanların təqaüdü 100 % saxlana da, 50 % azaldıla da bilərdi: “Amma əsas məqsəd peşə hazırlığına gedənlərin vaxt öldürməməsi, peşələrə yiyələnməsidir”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev isə deyib ki, təqaüd xərclərinin optimallaşdırılması hər il əlavə 10 min şəxsin peşə hazırlığına cəlb olunmasına şərait yaradacaq: “Bu təqaüdün məbləğinin aylıq minimum əməkhaqqıya bağlılığı saxlanacaq. Gələcəkdə minimum əməkhaqqı artanda bu təqaüd də artacaq. Beynəlxalq təcrübədə şəxslərə minimum əməkhaqqı məbləğində təqaüd ödənilməsi təcrübəsi yoxdur. Biz təqaüd xərcləri ilə yanaşı peşə hazırlığına cəlb olunmuş şəxslərin nəqliyyat xərclərini də təmin edirik. Peşə hazırlığı heç bir halda təqaüd almaq məqsədi daşımamalıdır, peşə hazırlığına cəlb olunan şəxs harada işləyəcəyini müəyyən etməlidir”.

Qeyd edək ki, layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi minimum aylıq əməkhaqqının 50 faizi məbləğində təqaüd veriləcək.

Hazırda peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.