44 günlük Vətən müharibəsi və ondan sonrakı mərhələdə Azərbaycan – Ermənistan münasibətlərində yaranmış vəziyyət təkcə Cənubi Qafqaz regionundakı vəziyyətə deyil, dünya ölkələrinin regiona münasibətində də ciddi dəyişikliklərin yaranması ilə müşayiət olundu.
Başqa sözlə desək, öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin edən qalib Azərbaycanın regionda güc və söz sahibi olması, Cənubi Qafqazı hər zaman münaqişə poliqonu kimi görən və keçmiş Qarabağ münaqişəsinin həllini hər cür müxtəlif üsullarla əngəlləməyə çalışan bir çox ölkələrin ölkəmizə qarşı aqressiyası ilə müşayiət olunmağa başladı. Bütün baş verənlərin fonunda qalib Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyevin bölgə ilə bağlı əsas prioritetlərin sülhə nail olmaq və bölgəni sülh və əməkdaşlıq mərkəzinə çevirmək istəyi ilə bağlı çağırışları, xüsusi ilə də Şərqi Zəngəzur dəhlizinin açılması modelini gündəmə gətirməsi bir çox ölkələrin Azərbaycana münasibətində bəzi dəyişikliklər etməsinə səbəb oldu.
Belə ki, Azərbaycanın Şərqi Zəngəzur layihəsini elan etməsindən sonra elə 44 günlük Vətən müharibəsində ölkəmizə qarşı ikibaşlı siyasət yeridən və ermənilərə yardım siyasətini durmadan davam etdirən cənub qonşumuz İranın daha çox sərt reaksiyaları ilə müşayət olunurdu. Bu gərginliyin ən ik həddi isə
İranda Azərbaycan səfirliyinə təşkil olunan silahlı hücum idi.
Rəsmi Bakının Şərqi Zəngəzur dəhlizi modelini “özünün qırmızı cizgisi” adlandıran İran rəsmilərinin ermənilərə görə belə canfəşanlıq etməsi məsələnin bir tərəfi olsa da, məsələnin kökündə həm də Qarabağın işğal dövründə işğal olunmuş ərazilərimizi ermənilərlə birlikdə narkotiklərin daşınmasının trafikinə çevirən İranın bu alverdən əldə etdiyi gəlirlərin əlindən çıxmasına görə aqressivlik nümayiş etdirdiyi də hər kəsə gün kimi aydın idi. Azərbaycanın ərazilərinin işğaldan azad olunmasının ilk aylarında elə tonlarla narkotik plantasiyaları həmin ərazilərdə aşkarlanaraq məhv edildi. İranın Zəngəzur dəhlizi ilə bağlı sərt mövqe tutmasının başqa bir səbəbi isə Azərbaycana münasibətdə həmişə ikili mövqe tutan cənub qonşumuzun güclü iqtisadiyyatlı Azərbaycanı görmək istəməməsidir. Çünki rəsmi Bakının istər beynəlxalq aləmdə siyasi nüfuzunun artması, istərsə də güclü iqtisadiyyatının olması İranı hər zaman narahat edib və 44 günlük Vətən müharibəsi və ondan sonrakı mərhələdə də bunu İran rəsmiləri öz açıqlamalarında aydın şəkildə biruzə verirdilər.
Lakin qonşu ölkənin gözləntilərinə rəğmən rəsmi Bakı Zəngəzur dəhlizi modelindən nəinki geri çəkildi, daha sərt gediş edərək, Tehranla diplomatik əlaqələri sıfıra endirdi. Təbii ki, bu uzun illərdən bəridir ki, Amerikanın və Avropanın siyasi və sanksiyalarının basqısı altında olan rəsmi Tehran üçün rəsmi Bakının daha sərt gediş edəcəyi gözlənilən deyildi və belə bir vəziyyətdə Bakı deyil, İran tərəfi öz siyasətində korrektələr etməyə məcbur oldu.
Şərqi Zəngəzur dəhlizinin açılması regiona təkcə sülh yox, həm də böyük investisiyaların axın etməsini gətirə bilər. Azərbaycanın regionda böyük bir loqistika mərkəzi rolunu oynaması təkcə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı baxımından vacib deyil. Bu həm də region ölkələrinin iqtisadi inkişafı və daha çox mənfəət əldə etməsi baxımından səmərəli ola bilər. Baxmayaraq ki, hazırkı dönəmdə Şərqi Zəngəzur dəhlizinin açılması ətrafındakı müzakirələrdə bir qədər durğunluq yaranıb və bunun əsas səbəbi Ermənistan tərəfinin qeyri-ciddi davranışlarıdır, ekspertlər rəsmi Bakının bu layihəni də reallaşdıracağını bildirirlər. Çünki Şərqi Zəngəzur dəhlizinin aşılması təkcə Azərbaycanın deyil, bütün regionun iqtisadi inkişafının yüksəlişi deməkdir.
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Cənubi Qafqazda sülh gənclərin gözü ilə” layihəsi çərçivəsində hazırlanıb.