Ermənistan və onun himayədarlarının 30 ildən artıq Azərbaycan ərazilərini işğal altında saxlamasına Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən 2020-ci ildə 44 günlük Vətən müharibəsində son qoyulsa da, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması hələ ki baş verməyib.
Baxmayaraq ki, rəsmi Bakı bu vəziyyətin davam etməməsi və tərəflərin sülh müqaviləsini imzalamasının regionda sülhün, stabilliyin və iqtisadi inkişafın təmin olunması baxımından zəruriliyini dəfələrlə ortaya qoyub, Ermənistan və bu ölkəni müxtəlif səviyyələrdə himayə edən bəzi ölkələr, xüsusi ilə də Fransa və bəzi Qərb ölkələri hələ də sülhün əldə olunmaması üçün hər cür təxribatlarını davam etdirirlər.
Siyasi ekspertlər isə sülh müqaviləsinin imzalanmasının daha çox Ermənistan üçün lazımlı olduğunu qeyd edirlər. Ermənistanın sülh təşəbbüslərindən yayınmasının sonda bu ölkəni daha da aparıb dalana çıxaracağını qeyd edən ekspertlərin fikrində iqtisadiyyatı olmayan və başqa ölkələrdən gələn yardımlar hesabına ayaqda qalan Ermənistanın real vəziyyəti düzgün dəyərləndirməməsi bu ölkənin gələcək taleyini də sual altında qoyacaq.
Odur ki, ekspertlər son aylarda Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandasının sülh təşəbbüslərinin həyata keçirilməsi üçün atdığı addımları düzgün qiymətləndirirlər.
Paşinyan və onun komandasının real vəziyyəti bildiklərini və Ermənistanın rəsmi Bakı ilə sülhə getməkdən başqa yolunun qalmadığını qeyd dən ekspertlərə görə, əks halda Ermənistan dövlətinin varlığı belə sual altına düşə bilər və bunu İrəvanda da çox yaxşı anlayırlar. Bu baxımdan da ekspertlər regionda sülhün əldə olunmasını vacib sayırlar. Hesab olunur ki, hazırda tərəflər arasında həyata keçirilən təmaslar da sülh müqaviləsinin imzalanması üçün böyük imkanların olduğunu göstərir. Bununla belə Ermənistan hakimiyyəti ilə diaspora arasında, eləcə də hakimiyyətin hansısa qrupları arasında olan gərginliklər, xüsusi ilə də Fransa daxil olmaqla bir ,ox Qərb ölkələrinin İrəvanın siyasətinə bu və ya digər şəkildə təsir göstərməsi tərəflər arasında sülhün əldə olunmasını ləngidir. Sülh müqaviləsinin imzalanmaması isə ilk növbədə Ermənistanın ziyanınadır. Çünki nə qədər ki, Ermənistan sülh müqaviləsi imzalamayıb bu ölkənin rəsmi Bakının rəhbərliyi ilə həyata keçirilən layihələrdə iştirak etməsi real deyil.
İki ölkə arasında sülhün əldə olunması həmdə region ölkələrinin iqtisadi inkişafı və bölgənin sülh platformasına çevrilməsi baxımından əhəmiyyətlidir. Bu baxımdan da ekspertlər sülhün əldə edilməsinin də çox uzaqda olmadığını proqnozlaşdırırlar.
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Cənubi Qafqazda sülh gənclərin gözü ilə” layihəsi çərçivəsində hazırlanıb.