Müdafiə ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədi ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların güc və əmək ehtiyatlarının (resurslarının) səfərbər olunmasına, səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq onların istehsalat fəaliyyətinin növünün və ya iş rejiminin dəyişdirilməsinə maneçilik törədilməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Hüquqşünas Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya digər üsullarla dayandırılmasının qadağan edilməsi ilə bağlı tələbin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min beş yüz manatadək məbləğdə cərimə edilir.