Qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən paytaxt Bakı son dövrlərdə artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. İyunun 4-də paytaxtımız növbəti mötəbər tədbirə ev sahibliyi edib. Bakıda Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və çoxaylı qonaqların iştirakı ilə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışıı keçirilib. Tədbirdə  37 ölkədən 300-dək şirkətin iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir.

Açılış mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev bir daha bu reallığı diqqətə çatdırdı ki, “bu tədbir ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayıb.  Həmin vaxtdan bəri bu tədbirin miqyasının genişləndiyini və artıq Bakı Enerji Həftəsi adlandırıldığını vurğulayan dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etdi ki, Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji”.

Bu il Bakı Enerji Həftəsi Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynayan «Əsrin müqaviləsi»nin imzalanmasının 30 illiyinə təsadüf edir, bu halda  sazişin ötən dövrdə  ölkəmizə qazandırdığı uğurların təhlili bir zərurət kimi qarşıda dayanır. «Əsrin müqaviləsi» ilə  iqtisadi və siyasi müstəqilliyini  möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. «Əsrin müqaviləsi»nin imzalanması ilə qısa  müddətdə Azərbaycan böyük investisiyalar məkanına çevrildi. Bu müqavilə Azərbaycana yeni dostlar və tərəfdaşlar qazandırdı. Ölkəmiz etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyini möhkəmləndirdi.

Prezidentin də qeyd etdiyi kimi “Bu, məhz belə başladı və üç il müddətində “Çıraq” platformasından ilk neft hasil olundu. Bu, neft sahəsinin tarixində çox əlamətdar və rekord bir hadisə idi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək idi. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi.

Bu, bizim iqtisadiyyatımıza sanki bir nəfəs verdi və bizim iqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsanız, onun enerji siyasətimizlə koordinasiyasını görərsiniz. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı”.

Bu gün Azərbaycan özünün ənənəvi enerji öhdəliklərinə sadiq qalmaqla, neft hasilatından tədricən qaz istehsalına strateji keçidi uğurla təmin etmək üzrədir. Hazırda Azərbaycan altısı Avropa ölkəsi olmaqla, 8 dövlətə qaz nəql edir. Baxmayaraq ki, müəyyən dairələr Azərbaycanın Avropanın artmaqda olan ehtiyaclarını ödəmək üçün kifayət qədər qaz ehtiyatlarının olmaması barədə ardıcıl şayiələr tirajlayırdı. Lakin Prezident İlham Əliyevin formalaşdırdığı konfiqurasiya həmin əsassız kampaniyalar seriyasına uğurlu cavab oldu. Xüsusən Azərbaycan Prezidentinin zamanında uzaqgörənliklə reallaşdırdığı infrastrukturlar hesabına ölkəmiz bu gün faktiki olaraq Avropa üçün alternativsiz və çox cazibədar enerji təchizatçısı rolunda çıxış etməkdədir. Amma başqa bir reallıq da var ki, Azərbaycan özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görür.

Azərbaycan həm qazıntı yanacağı ilə bir çox ölkələrin enerji təhlükəsizliyində rol almaq, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizədə açar fiqura çevrilməyi bacarıb. Bu məsələdə də Prezident İlham Əliyevin mövqeyi kifayət qədər aydındır – Azərbaycan enerji strategiyası və bu strategiyada yaşıl enerji amilinin yeri və rolunu aydın müəyyən edib.

Dövlətimizin başçısının da vurğuladığı kimi, “bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik”. Lakin Azərbaycan özünün yolunu müəyyən edib, yaşıl enerjiyə keçid sahəsində addımlarla və COP29-a ev sahibliyini üzərinə götürməklə bu işə töhfə verməkdə qətiyyətini ortaya qoyub və bu gün start verilən Bakı enerji həftəsi və bütövlükdə mövcud siyasi kursun konseptual baxışı deməyə əsas verir ki, Azərbaycan hazırda yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır və işlər şaxəli, tarazlaşdırılmış şəkildə həyata keçirilir.

Məhz bu amil Azərbaycanın qlobal enerji təhlükəsizliyində bütövlükdə qlobal siyasətdə çəkisini ciddi formada artırır. Təsadüfi deyil ki, məhz bu inkaredilməz amillər qarşısında hətta Azərbaycana qeyri-dost münasibətdə olan dövlətlər belə əks arqument tapmadı və COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar verildi. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

 

İsrafil Kərimov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü