Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağı və ətraf rayonları işğaldan azad etməsi, bu bölgənin və Şərqi Zəngəzurun iqtisadi imkanları və potensialı ilə bağlı Şərqi Zəngəzur dəhlizinin açılması ideyasını gündəmə gətirdi.
Qeyd edək ki, müharibədən dərhal sonra rəsmi Bakının region ölkələrinin iqtisadi əməkdaşlıq platforması yaradılmasını nəzərdə tutan və “3+3” formatında əməkdaşlığa başlaması barədə təklifləri gündəmə gətirməsi regionun gələcək iqtisadi inkişafı ilə bağlı geniş imkanlar açsa da, bəzi region ölkələrinin rəsmi Bakının liderliyini qəbul etməmək istəməməsi və Ermənistan siyasi hakimiyyətinin real vəziyyətlə bağlı qeyri-adekvat davranışları bu ideyanın formatında bir qədər korrektələrin olunması ilə müşayiət olunsa da, Şərqi Zəngəzur dəhlizinin açılmasının bütün region ölkələri üçün əhəmiyyətli olduğu əslində hər kəsə aydındır. Bu baxımdan da siyasi ekspertlər zamanla 3+3 əməkdaşlıq formatının yenidən gündəmə gələcəyini istisna etmirlər.
Baxmayaraq ki, 30 il Azərbaycan ərazilərinin işğalda saxlayan ermənilər həmin ərazilərdə hər şeyi xarabaya çeviriblər və müharibədən keçən dövr ərzində rəsmi Bakının Qarabağda sürətlə quruculuq və abadlıq işlərinə başlaması, yeni şəhər və kəndlərin salınmasını həyata keçirməsi ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Qarabağın ölkə üçün həm iqtisadi baxımdan böyük potensialı olduğunu qeyd edən ekspertlərə görə bölgənin loqistika baxımdan da böyük əhəmiyyəti var. Əslində, bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır. Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirir, o cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır.
Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti var. Bu dəhlizdən istifadə edəcək Gürcüstan, İran, Türkiyə və Rusiya, eləcə də Qərb və ərəb dövlətləri qazanacaqlar. Zəngəzur dəhlizi açıldıqdan sonra bir çox ölkələr bu yoldan əhəmiyyətli dərəcədə faydalana biləcək.
Zəngəzur dəhlizinin əhəmiyyəti onun regional dinamikanı yenidən formalaşdırmaq potensialındadır. Bu dəhliz Azərbaycana Türkiyəyə birbaşa çıxış imkanı verir, regionda iqtisadi və siyasi əlaqələri gücləndirir. Ermənistan üçün bu, iqtisadi inkişaf və regional təşəbbüslərə inteqrasiya imkanı yaradır, potensial olaraq ənənəvi marşrutlardan asılılığını azaldır. Dəhliz həm də tarixən etnik və ərazi münaqişələri ilə yadda qalan regionda sülh və sabitliyin möhkəmləndirilməsi potensialına malikdir.
Zəngəzur dəhlizi Cənubi Qafqazı Avropa və Asiya ilə birləşdirən daha geniş regional nəqliyyat şəbəkələrinin bir hissəsi kimi görünür. Onun inkişafı cəlb olunan ölkələrin iqtisadi artımına və onların geosiyasi əhəmiyyətinin artmasına töhfə verə bilər. Dəhlizin uğurla həyata keçirilməsi siyasi iradə, təhlükəsizliklə bağlı narahatlıqlar və əsaslı infrastrukturun inkişafına ehtiyac da daxil olmaqla, çətinliklərlə üzləşir. Zəngəzur dəhlizinin gələcəyi regional geosiyasətdə və beynəlxalq münasibətlərdə böyük maraq və əhəmiyyət kəsb edən mövzu olaraq qalır.
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Cənubi Qafqazda sülh gənclərin gözü ilə” layihəsi çərçivəsində hazırlanıb.