Avtomatlaşdırılmış Məlumat Bankında mərkəzləşdirilmiş uçotların necə aparıldığı məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
“Avtomatlaşdırılmış Məlumat Bankı”nın (AMB) mərkəzləşdirilmiş uçotları aşağıdakı hissələrdən ibarətdir:
– kriminal uçotlar (bütün növ cinayətlər və şəxslər):
– açılmamış cinayətlər (cinayəti törətmiş şəxs müəyyən edilmədikdə);
– cinayəti törədən şəxslər;
– cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər (bəraətverici əsaslarla hökmün ləğv edilməsi ilə əlaqədar işin icraatına xitam verilməsi halları istisna olmaqla);
– üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər (cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış, cinayət törətmiş və alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş (cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar istisna olmaqla), habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər).
– axtarış uçotları:
– talanmış, itirilmiş, aşkar edilmiş silahlar və döyüş sursatları;
– talanmış və qaçırılmış nəqliyyat vasitələri;
– talanmış, aşkar edilmiş nömrəli sənədlər və nömrəli əşyalar;
– talanmış, aşkar edilmiş xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyalar və ya sənədlər.