Bakıda və Abşeron yarımadasında iyunun 8-də gecə və səhər şimal-qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Heftelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın rayonlarında iyunun 8-dən 11-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Şimal-şərq küləyi bəzi yerlərdə arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə 20-23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.
Xəbərdarlıqda bildirilib ki, küləyin sürəti 13.9-20.7 m/san (7-8 bal) gücündə olacaq. Bu cür külək ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka ziyan üçün orta risk təşkil edir. Güclü külək əsasən Bakı, Abşeron, Sumqayıt, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Goranboy, Naxçıvan Muxtar Respublikasında gözlənilir.