Prezident İlham Əliyev: “Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi”
Azərbaycan ötən 30 ildə inkişaf edərək saysız nailiyyətlərə çatıb. Azərbaycan bununla kifayətlənmir, həmçinin beynəlxalq aləmə siyasi, iqtisadi, mədəni və digər sahələr üzrə öz töhfəsini verir. Bu baxımdan hazırda Bakı Enerji Həftəsi çərçivəsində keçirilən təbirlər də xüsusi qeyd olunmalıdır. Ümumiyyətlə, Bakı Enerji Həftəsi sənaye sektoru sahəsində körpü rolunu oynayır. İyunun 4-dən start götürən Bakı Enerji Həftəsi regionun enerji sahəsində mühüm hadisəsi hesab olunur. “Caspian Oil&Gas” və “Caspian Power” sərgilərini özündə birləşdirən Bakı Enerji Həftəsi bu gün bitəcək. Burada bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlər bir araya gəlir və bununla da diqqəti Azərbaycana cəmləşdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin iyunun 4-də açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir. Cənab Prezident açılış mərasimindəki nitqində deyib ki, Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı. Bu gün Avropa hələ də Rusiya azından asılıdır. Yeni reallıqda isə Avropa ölkələri yeni tərəfdaşlar tapmaq məcburiyyətindədirlər. Avropa ölkələri maksimum səviyyədə qaz təchizatı mənbələrini şaxələndirməyə çalışırlar.
Azərbaycan isə hazırda həm də Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Buna görə də Aİ ölkələri Azərbaycanla əməkdaşlıq etməklə özlərinin enerji təhlükəsizliyini gücləndirmək istəyirlər. Əksər Avropa ölkələri Azərbaycanla enerji sahəsində əməkdaşlığın gücləndirilməsində həddindən artıq maraqlıdırlar. Hətta belə desək, bu əmkədaşlığı səbirsizliklə gözləyirlər. Yeri gəlmişkən, Bakı Enerji Forumunun I günündə “Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq” mövzusunda plenar müzakirələrdə, eləcə də digər iclaslarda bir çox ölkələrin rəsmiləri bunu konkret dilə də gətiriblər.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, SOCAR isə baş tərəfdaş qismində çıxış edir. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir tədbirə qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, bu mühüm tədbirin daimi iştirakçılarına məxsusdur.
Sərgidə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin stendi də nümayiş olunur. Xatırladaq ki, “Masdar” ölkənin təmiz enerji çempionu və qlobal davamlılıq problemlərini həll etmək üçün bərpaolunan enerji və yaşıl hidrogen texnologiyalarının inkişafını və tətbiqini genişləndirərək dünyada öz sahəsinin ən böyük şirkətlərindən biridir. 2006-cı ildə yaradılan “Masdar” bu gün 40-dan çox ölkədə fəaliyyət göstərir və onlara təmiz enerji məqsədlərinə nail olmaqda və davamlı inkişaf etməkdə kömək edir. Şirkət Azərbaycanda ümumi gücü 10 qiqavatadək olan bərpaolunan enerji mənbələri layihələri üzrə müqavilələr imzalayıb. Hazırda gücü 230 meqavat olan Qaradağ Günəş Elektrik Stansiyasının inşası layihəsini icra edir. “Masdar” ən azı 100 qiqavatlıq bərpaolunan enerji portfelini hədəfləyir. Prezident İlham Əliyev çıxışında BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasimini əlamətdar hadisə olarqq qeyd edib. “Bu layihələrin başlanması Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir”,- deyə dövlətimizin başçısı əlavə edib.
Elə həmin gün Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində “Masdar” şirkətinin ölkəmizdə inşa edəcəyi üç elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar. Qeyd edək ki, üç elektrik stansiyasının ümumi qoyuluş gücü 1000 MVt olacaq. “Masdar” şirkəti Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Abşeron-Qaradağda isə 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək.
Hazırda Bakı Enerji Həftəsi dünya ictimaiyyəti üçün çox önəmli əhəmiyyətə malik tədbirdir. Çünki artıq üç gündür ki, dünya mediası bu tədbirdən yazır. Əlbəttə ki, bu da hər bir azərbaycanlını qürurlandırır.
Nəbi Ağayev
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri