Avtomobillər velosiped yollarında dayanma və ya durmaya görə 100 manat cərimə ediləcək.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 346.7-cı maddədə əksini tapıb.
Layihəyə əsasən, velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə yüz manat məbləğində cərimə ediləcək.
Həmçinin, 5.9, 5.10.1–5.10.3 yol nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanmasına və ya durmasına görə yüz manat məbləğində cərimə nəzərdə tutulacaq.
Qeyd edilib ki, şəxs yuxarıda nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.