Xüsusi razılıq (lisenziya) və xüsusi icazələrin verilməsinə aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Baş İctimai Təhlükəsizlik İdarəsi (BİTİ) tərəfindən tərtib olunmuş və Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən təsdiq edilmiş rəy (arayış) əsasında xüsusi icazə və şəhadətnamə verilir:
Yivli lüləli xidməti və mülki silahın dövriyyəsinə, belə silahların ölkəyə gətirilməsinə, ölkədən çıxarılmasına və alınmasına;
– Xarici dövlətlərin hüquqi şəxslərinə, xüsusi nizamnamə vəzifələrini yerinə yetirən xarici dövlət orqanlarının nümayəndələrinə, habelə diplomatik nümayəndəliyin üzvlərinə onlara məxsus xidməti silahın Azərbaycan Respublikasının ərazisində saxlanılmasına və ondan təyinatı üzrə istifadə edilməsinə;
– Dövlət orqanlarına, hüquqi şəxslərə, idman və ovçuluq cəmiyyətlərinə, təhsil müəssisələrinə yivli lüləli xidməti və mülki silahın, habelə onların sursatının satışına.
– Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Konstitusiya Məhkəməsinin və digər məhkəmələrin hakimlərinə, habelə qanunvericilikdə nəzərdə tutulan vəzifəli şəxslərə xidməti silahın saxlanılmasına, gəzdirilməsinə və təyinatı üzrə istifadə edilməsinə.
Xüsusi razılıq (lisenziya) verilir:
– Qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə.
Yuxarıda göstərilən xüsusi icazə, şəhadətnamə və xüsusi razılıq (lisenziya) Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən imzalanır.