Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsinə xüsusi razılıq üçün rəy verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Eləcə də aşağıdakı məsələlərə dair xüsusi icazə və şəhadətnamələr verilir:
– Azərbaycan Respublikasının vətəndaşlarına yivsiz lüləli ov və idman silahlarının alınmasına (Təlimata 3 nömrəli əlavə), Azərbaycan Respublikasından aparılmasına və Azərbaycan Respublikasına gətirilməsinə (Təlimata 4 nömrəli əlavə), qeydiyyatda olan yivli və yivsiz lüləli ov və idman silahlarının bir şəxsin adından digər şəxsin adına sənədləşdirilməsinə, onların saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə;
– Əcnəbilərə yivsiz lüləli mülki silahın alınmasına və respublikadan aparılmasına;
– Hüquqi şəxslərə xidməti silahların Azərbaycan Respublikasına gətirilməsinə və Azərbaycan Respublikasından aparılmasına;
– Dövlət orqanlarına, hüquqi şəxslərə, idman və ovçuluq cəmiyyətlərinə, təhsil müəssisələrinə yivsiz lüləli xidməti və mülki silahın, habelə onların sursatının satışına (Təlimata 5 nömrəli əlavə);
– Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinə silahların idman, ov məqsədi ilə Azərbaycan Respublikasına gətirilməsinə və Azərbaycan Respublikasından aparılmasına;
– Xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarına və hüquqi şəxslərə yivsiz lüləli xidməti silahların alınmasına;
– Qeydiyyatda olan kiçikçaplı və ya lülələri kombinə edilmiş ov və idman silahlarını bir şəxsin adından digər şəxsin adına sənədləşdirərək, onların saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə.
Göstərilən silahların dövriyyəsi ilə bağlı verilmiş xüsusi icazə, xüsusi razılıq (lisenziya) və şəhadətnamələr yararsız hala düşdükdə, itirildikdə, oğurlandıqda, etibarlılıq müddəti bitdikdə BİTİ tərəfindən yeni, yuxarı sağ küncündə «D» hərfi və köhnəsinin verilmə tarixi qeyd olunmaqla xüsusi icazə, xüsusi razılıq (lisenziya) və şəhadətnamələr verilir.