Bakıda çoxmərtəbəli yaşayış binasında lift qırılıb, xəsarət alanlar var.
Heftelik.az-ın məlumatına görə, hadisə Xətai rayonu Xudu Məmmədov küçəsində baş verib. Liftin qırılması nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanlar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onlardan ikisi uşaqdır.
Qeyd edək ki, 4 ay əvvəl Bakıda binanın lifti qırılıb, xəsarət alanlar olmuşdu. Söhbət Xətai rayonu, Gəncə prospekti, 2980/81 ünvanındakı liftdən gedir. Baş verən qəza səbəbi ilə 4 nəfər xəsarət almışdı. Sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə relsdən çıxaraq sürətlə aşağı düşmüşdü.
Lifti qırılan bina “Şərur” MTK-nın balansında olub.
“Şərur” MTK “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsusdur.
Məlumat üçün bildirək ki, bundan əvvəl də “Şərur” MTK-ya məxsus başqa binanın liftində bənzər problem yaşanıb. Söhbət paytaxtın Nərimanov rayonunun Bakıxanov küçəsi, 66 ünvanında yerləşən “Şərur” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasından gedir.
Həmin binanın liftinin qəzalı vəziyyətdə istismar olunması barədə şikayətlər yayılmışdı. Sözügedən binadakı liftin “İrəvan SSR” lift zavodunun istehsalı olduğu məlum olmuşdu.
Ancaq ba. verən hadisənin araşdırlmasının nəticələrinin daha sonra sorağı gəlmədi. Şərurlu İsfəndiyar da yenə öz “iş-gücü”ndədir…
Son binanın hansı sahibkarın şirkətinin balansında olduğu hələ açıqlanmayıb.