Dünən axşam Bakıda çoxmərtəbəli yaşayış binasında lift qırılıb, xəsarət alanlar var.
Heftelik.az-ın məlumatına görə, hadisə Xətai rayonu Xudu Məmmədov küçəsində baş verib. Liftin qırılması nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanlar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onlardan ikisi uşaqdır.
Məlum olub ki, bu dəfə də lifti qırılan bina da “Şərur MTK”-ya məxsusdur. “Şərur” MTK “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsusdur.
Qeyd edək ki, 4 ay əvvəl Bakıda binanın lifti qırılıb, xəsarət alanlar olmuşdu. Söhbət Xətai rayonu, Gəncə prospekti, 2980/81 ünvanındakı liftdən gedir. Baş verən qəza səbəbi ilə 4 nəfər xəsarət almışdı. Sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə relsdən çıxaraq sürətlə aşağı düşmüşdü.
Lifti qırılan bina “Şərur” MTK-nın balansında olub.
Məlumat üçün bildirək ki, bundan əvvəl də “Şərur” MTK-ya məxsus başqa binanın liftində bənzər problem yaşanıb. Söhbət paytaxtın Nərimanov rayonunun Bakıxanov küçəsi, 66 ünvanında yerləşən “Şərur” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasından gedir.
Həmin binanın liftinin qəzalı vəziyyətdə istismar olunması barədə şikayətlər yayılmışdı. Sözügedən binadakı liftin “İrəvan SSR” lift zavodunun istehsalı olduğu məlum olmuşdu.
Ancaq baş verən hadisənin araşdırlmasının nəticələrinin daha sonra sorağı gəlmədi. Şərurlu İsfəndiyar da yenə öz “iş-gücü”ndə idi.
Bu dəfə isə iş adamı daha qabağa gedib, ağılalmaz formada sərnişinləri günahlandırmaqdan çəkinməyib. Bildirib ki, liftin qarşısında yazılıb ki, 4 nəfərlikdir, 8 nəfər miniblər: “Özü də liftə minən qadınlardan birinin 150 kiloqram çəkisi var. Zorla sığışıblar. Liftin də yükgötürmə qabiliyyəti var. İkiqat, bəlkə də üçqat yüklənib. Kiməsə qonaqlıq veriblər, kefli olublar. Nəticədə belə hadisə baş verib”.
Ancaq sosial şəbəkələrdə liftin qırılması nəticəsində xəsarət alanlarının yaxınları bildirilər ki, əslində həmin lift yük lifti olub. Məsələn, Şəhla Cəlilzadə Facebook paylaşımında yazıb ki, dünən gecə Xətai rayonunda liftin qırılması nəticəsində baş verən hadisədə qardaşı qızı da yaralanıb, 2 ayağı sınıb:
“Media qurumları hadisəni dəqiqləşdirmədən xəbər paylaşmağı sevir axı… “Şərur MTK”-nın rəhbərliyini müdafiə üçün dərhal xəbər paylaşıblar guya – başlıq: qadınlardan birinin 150 kilo çəkisi vardı, kefli olublar”. Halbuki yaralananlardan ikisi körpədir və orda 150 kiloluq insan yox idi! Lift isə yük lifti idi, yəni ən azı 1 ton yükü qaldırmağa qabiliyyəti çatmalı, çatmasa da siqnalizasiya sistemi aktivləşməli idi.
Ölkəmizdə bərbad vəziyyətdə olan liftlərə görə məsuliyyət üstlənilməli və bu qədər laqeyd paylaşımlar edilməməlidir…”.
Şərurlu İsfəndiyar yenə cəzalandırılmayacaq?!