Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub.

Heftelik.az-ın məlumatına görə, Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə keçən konsertdə Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero çıxış edərək Azərbaycan və Meksika xalqlarının qədim tarixə, güclü dövlətçilik ənənələrinə malik olduğunu deyib, Meksikalı ifaçıların konsertinin maraqlı olacağını bildirib. Həmçinin səfir Gəncə Dövlət Filarmoniyasına təşəkkürünü bildirərək, bu cür layihələrin Azərbaycan-Meksika mədəni əlaqələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Meksikalı tenor  Luis İtzkoatl və pianoçu Maurisio Duran   maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsertdə Meksikanın milli vokal  musiqi nümunələri və gənc bəstəkarlarının əsərləri səsləndirilib.

Konsertin sonunda ifaçılar Müslüm Maqomayevin “Azərbaycan” əsərini ifa ediblər.  Meksikalı ifaçıların bu jesti tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.